Вернуться назад Распечатать

Gecə "otaqda kimsə var" hissi niyə yaranır? - Maraqlı səbəb

Arxası üstə yatmaq yuxu iflicinin yaranma ehtimalını artıra bilər. Bu zaman insan şüurlu olsa da, hərəkət edə və danışa bilmir.

Liderxeber.az xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında nevroloq Mariya Lavrenova bildirib.

Onun sözlərinə görə, yuxu iflici şüurla hərəkət arasında qısamüddətli uyğunsuzluq nəticəsində yaranır. Sürətli yuxu mərhələsində (REM fazası) beyin müvəqqəti olaraq əzələlərin tonusunu azaldır. Lakin bəzi hallarda bu mexanizm pozulur və insan oyanmasına baxmayaraq, bədəni hərəkət etdirə bilmir.

"Əgər sürətli yuxudan çıxış uzanarsa, insan reallıqla yuxu arasında qalır. Bu zaman hallüsinasiyalar və otaqda kiminsə olması hissi yarana bilər. Belə hallar daha çox arxası üstə yatarkən müşahidə olunur", - deyə həkim qeyd edib.

Bəzi araşdırmalar göstərir ki, arxası üstə yatmaq boğaz və dil əzələlərinin boşalması səbəbindən tənəffüs yollarının qismən tutulmasına gətirib çıxara bilər. Bu isə xoruldama və gecə apnesinə səbəb olur və bəzi hallarda yuxu iflicini tətikləyə bilər.

Həkim əlavə edib ki, yuxu iflicinin əsas səbəblərindən biri stres hormonu olan kortizolun səviyyəsinin artmasıdır. Bu hormonun dəyişməsi yuxunun strukturunu poza bilər.

Onun sözlərinə görə, gündə 7-9 saat yatmaq, sabit yuxu rejiminə riayət etmək və yatmazdan bir saat əvvəl telefondan istifadə etməmək əksər hallarda problemi aradan qaldırmağa kömək edir. Həmçinin günortadan sonra kofein qəbulunun azaldılması tövsiyə olunur, çünki bu maddə sinir sistemini həddindən artıq stimullaşdırır.