Вернуться назад Распечатать

ABŞ-nin nəhəng hərbi gəmiləri İran sahillərindən çəkilib - Taktiki manevrdir?

Birləşmiş Ştatlar İranın ardıcıl hava və sualtı hücumlarından sonra "USS Gerald R. Ford" və "USS Abraham Lincoln" təyyarədaşıyan gəmilərini Yəmən və İran sahillərindən geri çəkib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Defense Security Asia"məlumat yayıb.

Peyk şəkillərinə görə, hər iki hərbi gəmi sahilboyu raket komplekslərinin hədəf dairəsindən çıxaraq Qırmızı dənizin mərkəz hissəsinə və Omanın cənub-qərb sularına istiqamətlənib.

"Gerald R. Ford" gəmisi Səudiyyə Ərəbistanındakı Ciddə limanından cənuba doğru irəliləyərək, Yəmən husilərinin gəmi əleyhinə olan raketlərinin vura biləcəyi zonanı tərk edib. Eyni zamanda, "Abraham Lincoln" təyyarədaşıyan gəmisi həftənin ilk günlərində İran sahillərindən 1 100 kilometrdən daha uzaq məsafəyə yerləşib, halbuki əvvəllər bu rəqəm 350 kilometrdən az idi. Bu yerdəyişmə İran qayıqlarının "Abraham Lincoln" zərbə qrupuna daxil olan müşayiət gəmisinə hücumundan bir neçə gün sonraya təsadüf edir.

"Defense Security Asia" qeyd edir ki, hərbi mütəxəssislər bu addımı geri çəkilmək kimi qiymətləndirmirlər. Əksinə, bu, dəyərli təyyarədaşıyan gəmilərin asimmetrik təhlükələrə qarşı zəifliyini minimuma endirmək məqsədi daşıyan taktiki manevr hesab olunur.

Məlumata görə, məsafənin bu cür artırılması təyyarədaşıyan gəmilərə öz aviasiyasının uçuş məsafəsi hesabına regionun hava məkanına tam nəzarət etməyə imkan yaradır. Eyni zamanda bu taktika düşmən üçün hədəfi müəyyənləşdirməyi mürəkkəbləşdirir və onları texniki baxımdan daha çətin olan maksimal uzaqlıqdan hücumlar təşkil etməyə vadar edir. Pentaqon bu strategiyanı "nəzarət edilən çəkindirmə" adlandırır: yəni qüvvələr regionda mövcudluğunu qoruyur, lakin birbaşa zərbə altında qalmırlar.

ABŞ və İsrailin bölgədəki əməliyyatları başladığı vaxtdan bəri Tehran dəfələrlə Amerika gəmilərinə raket zərbələri endirdiyini bəyan edib. Martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumlara məruz qaldıqdan sonra "Abraham Lincoln" gəmisinin öz mövqeyindən uzaqlaşdığını və Hind okeanının cənub-şərqinə doğru yönəldiyini bildirib. Martın 5-də isə SEPAH İran PUA-larının gəmiyə uğurla zərbə endirdiyini və ardınca zərbə qrupunun ərazini tərk etdiyini açıqlayıb.

ABŞ tərəfi İranın bu iddialarını təkzib edərək gəmiyə heç bir ziyan dəymədiyini bəyan edib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "Abraham Lincoln" gəmisinin döyüş tapşırıqlarını icra etməyə davam etdiyini və İran raketlərinin gəmiyə heç yaxınlaşmadığını vurğulayıb.