Вернуться назад Распечатать

ABŞ Senatı Trampa İrana qarşı müharibəni davam etdirməyə icazə verdi

Amerika Birləşmiş Ştatlarının Senatı Prezident Donald Trampın İranla hərbi toqquşmalarının qarşısını almağı hədəfləyən müharibə səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qətnaməni rədd edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Demokratlar Partiyasının Trampın İranla bağlı hərbi addımlarını məhdudlaşdırmaq məqsədi daşıyan bu təşəbbüsü artıq üçüncü dəfədir ki, nəticəsiz qalır. Budəfəki səsvermə zamanı qətnamə 53-47 səs nisbəti ilə rədd edilib.

Nyu-Cersini təmsil edən demokrat senator Kori Buker tərəfindən irəli sürülən sənəddə dövlət başçısından ABŞ hərbi qüvvələrinin Yaxın Şərq regionundan geri çağırılması tələb olunurdu. Qətnaməyə görə, yalnız rəsmən müharibə elan edildiyi və ya Konqres tərəfindən xüsusi icazə verildiyi təqdirdə hərbi qüvvələrin istifadəsinə icazə verilə bilər ki, hazırda bu sənədlər mövcud deyil.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.