Вернуться назад Распечатать

Yuxunun keyfiyyətini iki həftəyə dərmansız yaxşılaşdırmağın yolu

Yuxunun keyfiyyətini qısa zamanda yaxşılaşdırmaq üçün yalnız düzgün gündəlik rejim və axşam saatlarında qadcetlərdən imtina deyil, həm də yataq otağında havanın temperaturunun 20-21 dərəcə səviyyəsində saxlanılması vacibdir.

Liderxeber.az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı mütəxəssis Sergey Kozırev bildirib

Ekspertin sözlərinə görə, əsas rol yuxu rejiminə və onun müddətinə riayət edilməsidir. Hər gün eyni vaxtda yatmaq və oyanmaq tövsiyə olunur. Yuxuya getmək üçün ən əlverişli vaxt saat 22:00-23:00 arası hesab olunur ki, bu da hormonların ifraz ritmi ilə bağlıdır.

"Optimal yuxu müddəti 8-9 saatdır, lakin yaşlı insanlara daha az vaxt kifayət edə bilər. Xüsusilə günün ikinci yarısında gündüz yuxusu tövsiyə edilmir, çünki bu, gecə yuxusunun təbii ritmini poza bilər", - deyə Kozırev bildirib.

Yataq otağındakı şərait də mühüm rol oynayır. Keyfiyyətli yuxu üçün əsas şərtlərə sükut və tam qaranlıqla yanaşı, uyğun hava temperaturu da daxildir. Optimal temperatur 20-21 dərəcədir - bu, nə tərləməyə səbəb olur, nə də orqanizmi isinmək üçün əlavə enerji sərf etməyə məcbur edir.

"Məsləhət görülür ki, yatmazdan əvvəl güclü vizual, psixoemosional və fiziki yüklənmələr dayandırılsın. Yatmazdan əvvəl televizora baxmaq, smartfondan istifadə etmək və idmanla məşğul olmaq olmaz. Rahatlamaq üçün ilıq duş uyğundur, lakin çox isti və ya soyuq su yuxunu poza bilər", - deyə həkim əlavə edib.

Onun sözlərinə görə, bu qaydalara əməl etdikdə yuxunun keyfiyyəti artıq iki həftə ərzində yaxşılaşır. 70-80% hallarda bu yanaşma dərman istifadə etmədən yuxu problemlərini aradan qaldırmağa kömək edir.