Вернуться назад Распечатать

Demokratların qərarsızlığı ABŞ-yə 2.5 milyard dollara başa gəlib

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyətini dayandırması ölkəyə artıq 2.5 milyard dollara başa gəlib.

Liderxeber.az xəbər verir ki, bu barədə Ağ Evin "X" səhifəsində dərc edilən açıqlamada qeyd olunub.

"400-dən çox TSA (Nəqliyyat Təhlükəsizliyi Administrasiyası) işçisi işdən azad edilib. 2.5 milyard dollardan çox itki var. Hava limanları xaos içindədir və vətəndaşlar bunun nəticələrindən əziyyət çəkirlər. Bunun səbəbi demokratların siyasi oyunlarıdır", - deyə Ağ Evin paylaşımında qeyd olunub.

ABŞ administrasiyası Konqresdəki demokrat siyasi rəqiblərini Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsini təcili dəstəkləməyə çağırıb.

ABŞ Prezidenti Donald Tramp personal çatışmazlığı səbəbindən martın 23-dən etibarən hava limanlarının təhlükəsizliyini təmin etmək üçün ölkənin İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarının prosesə cəlb ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Daxili Təhlükəsizlik Nazirliyinin bir hissəsi olan Nəqliyyat Təhlükəsizliyi Administrasiyası 11 sentyabr terror hücumlarından sonra 2001-ci ildə yaradılıb və digər məsələlərlə yanaşı, hava limanının təhlükəsizliyinə də cavabdehdir.

Xatırladaq ki, Daxili Təhlükəsizlik Nazirliyi fevralın 14-də maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırıb. Qanunsuz miqrantlara qarşı əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iki ABŞ vətəndaşının güllələnməsindən sonra bu nazirliyin maliyyələşdirilməsinə dair qanun layihəsinə yenidən baxılmağa başlanılıb. Bu səbəbdən demokratlar İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin büdcəsini azaltmağı və işində düzəlişlər etməyi planlaşdırırlar.