Вернуться назад Распечатать

İran gəmilərin Hörmüz boğazından keçidi üçün sxem hazırlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmilərə Hörmüz boğazından "təhlükəsiz keçid"i yuan və ya kriptovalyuta ilə ödəniş müqabilində təklif edir.

Liderxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi gəmiçilik sahəsindəki nümayəndələrə və İrandakı məmurlara istinadən məlumat yayıb.

Sxem aşağıdakı kimidir: gəmi operatorları SEPAH-la əlaqəli vasitəçi şirkətlə əlaqə saxlamalı və ona gəminin sahibi, bayrağı, yükü, təyinat məntəqəsi, ekipajı, həmçinin AIS (avtomatik identifikasiya sistemi) məlumatlarını təqdim etməlidirlər.

İran tərəfi gəminin İsrail, ABŞ və ya Tehranın düşmən hesab etdiyi digər dövlətlərlə əlaqəli olub-olmadığını yoxlayır. Təsdiqdən sonra ödənişin məbləği ilə bağlı danışıqlar başlayır: neft tankerləri üçün başlanğıc qiymət hər barel üzrə təxminən 1 dollar təşkil edir (VLCC sinifli supertanker adətən təxminən 2 milyon barel neft daşıyır). Ödəniş yuan və ya stabilkoinlərlə həyata keçirilməlidir.

Ödənişdən sonra SEPAH gəmiyə gizli kod və marşrut üzrə təlimatlar təqdim edir. Gəmi boğazdan tranzitlə bağlı danışıqlar aparan vasitəçi ölkənin bayrağını qaldırmalı, bəzi hallarda isə qeydiyyatını həmin ölkənin bayrağına dəyişməlidir. Boğaza yaxınlaşarkən ekipaj kodu radiokanalla ötürür, bundan sonra gəmi patrul katerləri tərəfindən İran adaları boyunca sahil marşrutu ilə müşayiət olunur.