Вернуться назад Распечатать

Pentaqon ordunun baş qərargah rəisinin istefasını açıqladı

ABŞ Hərb Nazirliyi (Pentaqon) ordunun baş qərargah rəisi, general Rendi Corcun istefa verdiyini açıqlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Şon Parnell sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazirliyin rəsmisi bildirib ki, qərargah rəisi təqaüdə çıxdığına görə tutduğu postdan ayrılıb.

"Washington Post" qəzeti isə Pentaqondakı mənbələrinə istinadən xəbər verib ki, Corcdan başqa ABŞ ordusunun daha bir generalı vəzifəsindən kənarlaşdırılıb.

Məlumata görə, sözügedən şəxs ordunun təlim və transformasiya komandanlığının rəisi Devid Hodnedir. Bundan başqa ordunun baş kapellanı, mayor Uilyam Qrin də postundan uzaqlaşdırılıb.

02:36

ABŞ-nin hərb naziri Pit Heqset ordunun qərargah rəisi, general Rendi Corcun dərhal istefa verməsini tələb edib.

Liderxeber.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Heqset bu vəzifəyə ABŞ Prezidenti Donald Trampla birlikdə formalaşdırdığı ordu konsepsiyasını həyata keçirəcək şəxsi təyin etmək niyyətindədir.

Adətən qərargah rəisi dörd ildən bir dəyişir. Corc 2023-cü ildə prezident Co Bayden tərəfindən namizəd göstərilib və Senat tərəfindən təsdiqlənib. O, daha əvvəl müdafiə naziri Lloyd Ostinin köməkçisi vəzifəsində çalışıb, Fars körfəzi, İraq və Əfqanıstanda əməliyyatlarda iştirak edib.

CBS-in məlumatına görə, onun yerinə əsas namizəd kimi qərargah rəisinin müavini Kristofer LaNiv göstərilir.

Daha əvvəl Heqset ondan çox yüksəkvəzifəli hərbçini, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Kyu Braun və Hərbi-Dəniz Qüvvələrinin rəhbəri, admiral Liza Frankettini vəzifədən azad edib.