Amerika Birləşmiş Ştatları İranla aparılan danışıqlar prosesində hər iki dövlətin ümumi maraqlarına sadiq qalacağı barədə İsrailə zəmanət verib.
Liderxeber.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri İsrailin Baş naziri Binyamin Netanyahunun müvafiq açıqlamasına istinadla məlumat yayıb.
Media orqanının istinad etdiyi hökumət rəhbərinin bəyanatında bildirilir:
"Birləşmiş Ştatlar gələcək danışıqlar fonunda ABŞ, İsrail və bölgədəki müttəfiqlərin ortaq hədəflərinin reallaşmasına sadiqliyi ilə bağlı İsraili əmin edib".
Bununla yanaşı, İsrail rəhbərliyi Trampın İrana hərbi zərbələrin dayandırılması ilə bağlı qərarını təqdir edir.
"İranın Hörmüz boğazını dərhal açması və ABŞ, İsrail, eləcə də region dövlətlərinə yönəlmiş bütün hücumları dayandırması şərtilə İsrail Trampın İrana zərbələri iki həftə müddətinə təxirə salmaq qərarını müdafiə edir", - deyə Netanyahunun açıqlamasında vurğulanır.
O, həmçinin əlavə edib ki, yəhudi dövləti rəsmi Vaşinqtonun "İran təhdidi"nin neytrallaşdırılması istiqamətindəki fəaliyyətinə yüksək dəyər verir.