Вернуться назад Распечатать

KİV: İran Hörmüz boğazından milyardlarla dollar gəlir əldə edəcək

"Ehtimal olunur ki, gəmilərin Hörmüz boğazından keçməsi üçün 2 milyon dollar rüsum tətbiq edilərsə, İranın bu istiqamətdən illik gəlirləri ən azı 64 milyard dollara çata bilər".

Liderxeber.az xəbər verir ki, bu hesablamanı İranın dövlət teleradio şirkəti rəhbərinin müavini Həsən Abedini aparıb.

"Hörmüz boğazı rəsmi Tehranın ağıllı idarəetməsi altında olan bir dəhlizə çevrilib. Ötən il ərzində bu boğazdan 32 min gəminin keçdiyini və hər birindən 2 milyon dollar alındığını nəzərə alsaq, İranın təxminən 64 milyard dollar qazanc əldə etməsi mümkündür", - deyə o, dövlət televiziyasının efirində çıxış edərkən bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 8 aprel 2026-cı il tarixində, Tehrana verdiyi ultimatumun bitməsinə bir neçə saat qalmış, Vaşinqtonun iki həftəlik atəşkəsə razılıq verdiyini bəyan edib. Ağ Ev lideri "Truth Social" sosial şəbəkəsində yazıb ki, o, Pakistan rəhbərliyinin xahişi və Tehranın Hörmüz boğazını tamamilə açması şərti ilə bu barışığı qəbul edib. Tramp, həmçinin qeyd edib ki, ABŞ İrandan gələcək sülh müqaviləsinin əsasını təşkil edə biləcək on tələb alıb.

Qeyd edək ki, ABŞ prezidentinin Tehranla razılaşma üçün müəyyən etdiyi son möhlət 8 aprel, Bakı vaxtı ilə saat 4:00-da başa çatırdı. Tramp bu müddət bitdikdən sonra İrana "cəhənnəm yaşatmaqla" və onu "daş dövrünə" qaytarmaqla hədələmiş, ölkənin elektrik stansiyalarına, enerji infrastrukturuna və körpülərinə zərbələr endirəcəyinə söz vermişdi. Buna cavab olaraq Tehran xəbərdarlıq etmişdi ki, İranın cavab zərbələri nəticəsində Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün region tam qaranlığa qərq olacaq. İranın Ali Milli Təhlükəsizlik Şurası atəşkəslə bağlı razılığını təsdiqləyib. Bu barədə bəyanatı İranın xarici işlər naziri Abbas Əraqçı yayımlayıb.