ABŞ Senatı gələn həftə Prezident Donald Trampın İranla bağlı hərbi əməliyyat səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnaməni səsverməyə çıxarmağa hazırlaşır.
Liderxeber.az-ın “Reuters”ə istinadən məlumatına görə, Senatın Demokrat lideri Çak Şumer bildirib ki, təşəbbüsün məqsədi İranla müharibənin genişlənməsinin qarşısını almaq və prezidentin hərbi addımlar üçün Konqresin təsdiqini almasını təmin etməkdir.
“Konqres, xüsusilə belə təhlükəli bir anda, öz səlahiyyətlərini yenidən təsdiqləməlidir”, - deyə Şumer vurğulayıb.
Qətnamə Tramp administrasiyasının İranla bağlı siyasətinə dair mübahisələrin fonunda gündəmə gəlib. Prezidentin iki həftəlik atəşkəs elan etməsindən az əvvəl Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıqları qlobal narahatlıq doğurub və Demokratların tənqidinə səbəb olub.
Demokratlar Trampın açıqlamalarını kəskin tənqid edərək, bəzi hallarda onun impiçmentini tələb ediblər. Şumer isə prezidentin mövqeyini “əsassız” adlandıraraq bildirib ki, müharibə nə İran hökumətini zəiflədib, nə də onun nüvə proqramını məhdudlaşdırıb.
Ağ Ev isə prezidentin hərəkətlərinin qanuni olduğunu və onun baş komandan kimi səlahiyyətləri çərçivəsində həyata keçirildiyini bildirir. Administrasiyaya görə, Tramp ABŞ-nin təhlükəsizliyini qorumaq üçün məhdud hərbi əməliyyatlara göstəriş vermək hüququna malikdir.
Son aylarda həm Senatda, həm də Nümayəndələr Palatasında demokratlar prezidentin hərbi əməliyyatlara başlamazdan əvvəl qanunvericilərin razılığını almasını tələb edən qətnamələr irəli sürsələr də, bu təşəbbüslər kifayət qədər dəstək qazana bilməyib. Respublikaçıların böyük əksəriyyəti isə Trampın siyasətini dəstəkləyir.
Nümayəndələr Palatasında Demokratların lideri Hakim Ceffris də oxşar təşəbbüslə çıxış edərək bildirib ki, aşağı palata da İranla mümkün müharibənin qarşısını almaq üçün səsvermə keçirməlidir.
ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur, lakin prezident qısamüddətli hərbi əməliyyatlara və ya təcili təhlükə hallarında birbaşa qərar verə bilər. Mövcud müzakirələr isə bu səlahiyyətlərin sərhədlərinin yenidən müəyyənləşdirilməsi zərurətini gündəmə gətirir.