Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanın ən böyük müxalifət qüvvəsi olan Kuomintang partiyasının (KMT) rəhbəri Çenq Li-vun ilə tarixi görüş keçirib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Çıxışı zamanı Çin lideri bildirib ki, Tayvanda yaşayanlar Çin millətinə mənsubdur:
"Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Tayvan boğazının hər iki sahilindəki insanların yaxınlaşma tendensiyası dəyişməz qalacaq".
Çenq Li-vun da öz növbəsində bildirib ki, gələcəkdə Tayvan boğazı potensial münaqişə ocağı olmaqdan çıxacaq və kənar müdaxilələr üçün şahmat taxtasına çevrilməyəcək.
Məqalədə qeyd olunub ki, bununla da o, ABŞ-ni Tayvan və Çin arasındakı əlaqələrə qarışmaqda günahlandıran Pekinin bəyanatlarını təkrarlamış olub.
Xatırladaq ki, martın 5-də Çin Tayvanın müstəqilliyini dəstəkləyənlərə qarşı qətiyyətli zərbələr endirəcəyini vəd edib.
Bildirilir ki, Pekin həmçinin ada ilə münasibətlərin inkişafına təkan verəcək və bununla yanaşı yenidən birləşmə təklifini irəli sürəcək.