"ABŞ-nin Hörmüz boğazını blokadaya almaq cəhdləri uğursuzluğa məhkumdur və Tehran bu addımın atılmasına qətiyyən yol verməyəcək".
Liderxeber.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bunu İranın ali rəhbərinin yüksək rütbəli hərbi məsləhətçisi Möhsün Rzayi bəyan edib.
"İran tvitlərlə və xəyali blokada planları ilə qarşısı alına biləcək bir məkan deyil", - deyə o vurğulayıb.
Rzayi əlavə edib ki, İran ordusu istənilən təhdidə qarşı əhəmiyyətli dərəcədə istifadə olunmamış potensiala malik olduğu üçün ABŞ tərəfindən belə bir addıma imkan verməyəcək.
Qeyd edək ki, bir müddət əvvəl Prezident Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gələ bilmədiyini və bu səbəbdən ABŞ hərbçilərinin İrana qarşı dəniz blokadasına başladığını bəyan etmişdi.
Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar baş tutub. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı üzrə ortaq məxrəcə gələ bilməyiblər.
Pakistandakı görüşdə ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edib. Qrupda ondan əlavə dövlət başçısının xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner də təmsil olunublar.
İran nümayəndə heyətinə isə ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı başçılıq ediblər.