Вернуться назад Распечатать

ABŞ İrandan uran zənginləşdirməsini 20 il dondurmağı tələb edib

ABŞ həftəsonu İslamabadda keçirilən danışıqlar zamanı İrana uran zənginləşdirmə fəaliyyətini 20 il müddətinə dayandırmağı təklif edib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmisi və məsələdən xəbərdar mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, rəsmi Tehran bu təklifə daha qısa – “tək rəqəmli illər”lə ifadə olunan müddət variantı ilə cavab verib.

Mənbələr qeyd edib ki, danışıqlarda ən böyük maneə İranın nüvə proqramı ilə bağlı mövqeyidir. Xüsusilə Tehranın uranı zənginləşdirməkdən imtina edib-etməyəcəyi və mövcud ehtiyatlarını ölkədən çıxarmağa razı olub-olmayacağı əsas mübahisə mövzusu olaraq qalır.

ABŞ tərəfi həmçinin İrandan yüksək zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını tələb edib. İran isə bunun əvəzinə materialın “nəzarət altında qarışdırılması” variantını təklif edib.

Nəşr yazır ki, hazırda Pakistan, Misir və Türkiyə vasitəçi qismində çıxış edərək, tərəflər arasında qalan fikir ayrılıqlarını aradan qaldırmağa çalışır. Məqsəd 21 aprel tarixində başa çatacaq atəşkəs müddəti bitməzdən əvvəl razılıq əldə etməkdir.

ABŞ Prezidenti Donald Tramp danışıqlarda təsir imkanlarını artırmaq üçün İrana qarşı dəniz blokadası elan edib. O, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, İran tərəfindən razılaşmaya maraq siqnalları var.

ABŞ Vitse-prezidenti Ceyms Devid Vens isə daha əvvəl çıxışında İranın danışıqlarda kifayət qədər irəliləyiş göstərmədiyini qeyd etmişdi.

Danışıqlara yaxın mənbələrin sözlərinə görə, İran nümayəndə heyəti ilkin mərhələdə razılaşmaya yaxın olduqlarını düşünsə də, Vensin sərt açıqlamalarından sonra bu mövqe dəyişib və narazılıq yaranıb.

İran parlamentinin üzvü Seyid Mahmud Nəbavian bildirib ki, ABŞ-nin iki əsas tələbi – uranın tam çıxarılması və uzunmüddətli məhdudiyyətlər razılaşmanın əldə olunmamasına səbəb olub.

İsrailin Baş naziri Benyamin Netanyahu da məsələ ilə bağlı açıqlamasında bildirib ki, əsas problem İranın zənginləşdirilmiş materiallardan imtina etməsi və uzunmüddətli məhdudiyyətlərin tətbiqidir.

Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəflərin ortaq məxrəcə gələ biləcəyini qeyd edib. Onun sözlərinə görə, ilkin mövqelər sərt olsa da, vasitəçilərin səyləri ilə kompromis mümkündür.

Bildirilir ki, nüvə proqramı ilə bağlı “ya hamısı, ya heç nə” yanaşması davam edərsə, danışıqlar ciddi çıxılmaz vəziyyətə düşə bilər. Bunun qarşısını almaq üçün atəşkəs müddətinin 45-60 gün uzadılması da müzakirə olunur.