"Əgər ABŞ İranın dəniz mühasirəsini davam etdirərsə, Tehran Fars və Oman körfəzləri, eləcə də Qırmızı dəniz vasitəsilə ticarət əlaqələrinin aparılmasına imkan verməyəcək".
Liderxeber.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı, general-leytenant Əli Abdullahiyə istinadən məlumat verib.
"Əgər təcavüzkar və terrorçu ABŞ regionda dəniz mühasirəsi təşkil etmək kimi qanunsuz hərəkətlərini dayandırmasa və İranın ticarət gəmiləri ilə neft tankerlərinin təhlükəsizliyinə təhdid yaratsa, onların bu addımları atəşkəs rejiminin pozulması ilə nəticələnə bilər. Bu halda İran Silahlı Qüvvələri Fars və Oman körfəzləri, həmçinin Qırmızı dəniz üzərindən idxal-ixrac tədarükünün davam etməsinə icazə verməyəcək", -deyə o bildirib.
General əlavə edib ki, İran öz suverenliyini və milli maraqlarını qorumaq üçün qətiyyətli addımlar atacaq. Onun sözlərinə görə, ABŞ tərəfindən İranın dəniz mühasirəsinə alınması dövlətlər arasındakı atəşkəs üçün ciddi təhlükə yaradır.
Xatırladaq ki, aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar baş tutub. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı üzrə razılığa gələ bilməyiblər. Növbəti gün ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Tehranla İranın nüvə proqramı məsələsində razılaşa bilməyib və bu səbəbdən Amerika hərbçiləri İranın dəniz mühasirəsinə başlayır. İslamabaddakı danışıqlarda Amerika nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens rəhbərlik edib. Qrupda ondan başqa dövlət başçısının xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner də yer alıb. İran nümayəndə heyətinə isə ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı rəhbərlik ediblər.