Вернуться назад Распечатать

İran nefti alan ölkələri hədələdi

ABŞ İran nefti alan ölkələri sanksiyalarla hədələyib.

Liderxeber.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

O, İran neftinin alıcılarına ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəkləri barədə xəbərdarlıq edib, həmçinin İrana qarşı dəniz blokadası fonunda Çinin İran nefti alışlarını dayandıracağına ümid etdiyini bildirib: “Əgər ölkələr İran nefti alırsa və ya banklarında İranla bağlı vəsait saxlanılırsa, biz ikinci dərəcəli sanksiyaları tətbiq etməyə hazırıq”.

Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı dəniz blokadası münaqişənin yeddinci həftəsində qüvvəyə minib.

Bessent əlavə edib ki, Çin əvvəllər İran neftinin 80 faizindən çoxunu idxal edirdi və bu addımın Pekinin alışlarında azalmaya səbəb olacağı gözlənilir.

“Biz inanırıq ki, bu blokada ilə Çinin alışlarında fasilə olacaq”, - deyə o bildirib.

ABŞ Maliyyə Nazirliyinin iki Çin bankına məktub göndərdiyi də açıqlanıb. Məktubda bildirilib ki, İranla bağlı maliyyə əməliyyatları təsdiqlənərsə, həmin qurumlara qarşı da ikinci dərəcəli sanksiyalar tətbiq oluna bilər.