Вернуться назад Распечатать

ABŞ prezidenti: "İranla bağlı bəzi xoş xəbərlərimiz var"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonla Tehran arasındakı danışıqlar nəticəsiz qalarsa, Birləşmiş Ştatlar İran İslam Respublikasına qarşı hərbi əməliyyatları yenidən başlada bilər.

Liderxeber.az xəbər verir ki, Ağ Ev lideri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Ola bilsin ki, mən atəşkəsin müddətini uzatmayım. Hazırda blokada mövcuddur və təəssüf ki, biz yenidən bombardmanlara başlamaq məcburiyyətində qalacağıq", - Donald Tramp atəşkəs rejiminin uzadılması ehtimalı və çərşənbə gününə qədər razılaşma əldə olunmayacağı təqdirdə atılacaq addımlarla bağlı sualın cavabında deyib.

Ağ Ev lideri, həmçinin vurğulayıb ki, əgər İran zənginləşdirilmiş uranın ölkədən çıxarılması prosesində əməkdaşlıqdan imtina edərsə, ABŞ-nin cavabı dostyana olmayacaq. Zənginləşdirilmiş uranın İrandan nə vaxt çıxarılacağı barədə suala cavab verən prezident bunun razılaşma imzalandıqdan sonra istənilən hər hansı bir məqamda baş tutacağını bildirib.

"Biz İranla birlikdə oraya daxil olacağıq, həmin uranı 100 faiz həcmində götürüb Birləşmiş Ştatlara gətirəcəyik. Əgər bu, könüllü şəkildə edilməsə, biz bunu başqa, heç də dostyana olmayan bir formada həyata keçirəcəyik", - deyə o qeyd edib.

Bundan başqa D.Tramp cümə günü İranla bağlı olduqca yaxşı xəbər aldığını iddia deyib, ancaq təfərrüat verməyib.

"İrana gəldikdə, Yaxın Şərqdə işlər yaxşı gedir. Bunu öyrənəcəksiniz", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.