Вернуться назад Распечатать

İrana məxsus onlarla tanker ABŞ-nin blokadasını yararaq Hörmüzdən keçib

ABŞ-nin tətbiq etdiyi blokada tədbirlərinə rəğmən İrana məxsus ən azı 34 qaz daşıyıcısı və tanker Hörmüz boğazını keçə bilib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi aprel ayının 22-də "Vortexa" analitik mərkəzinin göstəricilərinə əsaslanaraq məlumat paylaşıb.

Kosmik peyk vasitəsilə əldə edilən datalara əsasən, şərti "blokada xətti"ni aşan gəmilərdən 17-si dolu olub. Bu fakt rəsmi Tehranın Birləşmiş Ştatların xəbərdarlıqlarına rəğmən enerji resurslarının ixracını dayandırmadığını sübut edir. Ümumiyyətlə, İrana aid gəmilər qlobal bazara təqribən 9 milyon barel həcmində neft nəql edib.

Agentliyin hesabatında bildirilir ki, yalnız aprelin 20-də toplam 4 milyon barelə yaxın nefti daşıyan ən azı iki tam dolu İran tankeri ("Hero II" və "Hedy") Fars körfəzindən çıxaraq ABŞ hərbi qruplaşmalarının yaxınlığından irəliləyib.

"Vortexa" analitik şirkətinin hesabatlarına əsasən, məhdudiyyətlər qüvvəyə mindiyi vaxtdan etibarən onlarla gəmi bu xətti aşa bilib.

Bununla yanaşı, Ərəbistan dənizi istiqamətindən körfəzə təqribən 15 tanker daxil olub və İranın dəniz limanlarına tərəf hərəkət edib. Səfərə çıxan gəmilərdən ən azı altısı özündə ümumi həcmi 10.7 milyon barelə çatan İran xam neftini daşıyıb.

Daşınan xammalın ümumi dəyəri təqribən 910 milyon ABŞ dolları həcmində dəyərləndirilir ki, bu göstərici də Vaşinqton tərəfindən elan edilmiş dəniz blokadasının nə dərəcədə səmərəli olduğunu sual altında qoyur.