Вернуться назад Распечатать

ABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü

ABŞ tərəfindən saxlanılan İrana məxsus "Touska" konteyner gəmisinin 15 nəfərlik heyəti İslam Respublikasına qayıdıblar.

Liderxeber.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayımlayıb.

Xəbərə əsasən, dənizçilər Pakistan ərazisindən çıxaraq İranın cənub-şərq hissəsindəki Sistan və Bəlucistan ostanında fəaliyyət göstərən sərhəd-keçid məntəqəsi vasitəsilə İslam Respublikasına daxil olublar.

13:46

Hörmüz boğazı sularında Amerika Birləşmiş Ştatlarının blokadasını aşmağa cəhd edən zaman saxlanılan İran gəmisi, eləcə də onun heyəti Pakistana təhvil verilib.

Liderxeber.az xəbər verir ki, bu barədə "ABC News" ABŞ Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi kapitan Tim Hokinsə istinadla məlumat yayıb.

"Bu gün ABŞ ordusu "Touska" gəmisinin 22 nəfərlik heyətinin Pakistana repatriasiyası prosesini yekunlaşdırıb. Keçən həftə isə daha altı sərnişin repatriasiya məqsədilə region ölkələrindən birinə göndərilib", - deyə T.Hokins qeyd edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı əlavə edib ki, "Touska" yük gəmisi öz əvvəlki sahibinə geri verilir.

Xatırladaq ki, aprel ayının 19-da İran bayrağı altında hərəkət edən "Touska" gəmisi Oman körfəzində ABŞ-nin dəniz blokadasından çıxmağa cəhd göstərib. Gəmi ABŞ hərbçilərinin xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti dayandırmaqdan imtina etdiyi üçün hücuma məruz qalıb.

Sonradan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən gəminin Bəndər Abbas limanı istiqamətində hərəkət etdiyi açıqlanıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin endirdiyi zərbə nəticəsində gəminin mühərrik hissəsi zədələnərək sıradan çıxıb.

"Touska" gəmisinin saxlanılmasından sonra İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının nümayəndəsi Həzrəti Xətəm əl-Ənbiya rəsmi Tehranın cavab addımları üzərində işlədiyini bəyan edib və baş verən insidenti "ABŞ tərəfindən həyata keçirilən silahlı dəniz quldurluğu" kimi qiymətləndirib.