"İran hakimiyyəti münaqişənin nizamlanması məsələsində ABŞ ilə ədalətli razılaşma bağlamağa hazırdır".
Liderxeber.az ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Pekində çinli həmkarı Vanq Yi ilə görüşdə bəyan edib.
"Biz yalnız ədalətli və hərtərəfli razılaşmanı qəbul edəcəyik. İran ABŞ tərəfi ilə danışıqlarda öz hüquqlarını və maraqlarını qorumaq üçün bütün səyləri göstərəcək", - deyə nazir bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.