Avropada 30 milyon dollardan çox xalis sərvətə malik insanların sayı rekord həddə çatıb.
Liderxeber.az xəbər verir ki, “Knight Frank”ın 2026-cı il üzrə “Sərvət hesabatı”na görə, Avropada ultra yüksək xalis sərvətə malik fərdlərin (UHNWI) sayı 184 min nəfərə yüksəlib.
Siyahıya isə Almaniya liderlik edir.
Avropada ən çox super varlının yaşadığı ölkələr
Almaniya - 38.215 nəfər
Birləşmiş Krallıq - 27.876 nəfər
Fransa - 21.528 nəfər
İsveçrə - 17.692 nəfər
İtaliya - 15.433 nəfər
2026-cı il üçün açıqlanan yeni sərvət hesabatına görə, Avropada 30 milyon dollardan çox xalis sərvətə malik insanların sayı rekord həddə çatıb. Son 5 ildə ultra varlıların sayı ümumilikdə 26 faiz artsa da, xüsusilə Türkiyə və Şərqi Avropa ölkələrindəki yüksəliş diqqət çəkib.
Mütləq rəqəmlərdə Qərbi Avropa ölkələri üstünlük təşkil etsə də, artım tempində Şərqi Avropa və Türkiyə ön plana çıxır. Son 5 ildə Polşada ultra varlıların sayı 109 faiz artıb. Türkiyə isə 94 faiz artımla siyahının ən diqqətçəkən ölkələrindən biri olub. Beləliklə, Türkiyədə 30 milyon dollardan çox sərvətə malik şəxslərin sayı 4 min 208 nəfərə çatıb. Halbuki 2021-ci ildə bu rəqəm 2 min 174 nəfər idi. Rumıniyada da oxşar yüksəliş qeydə alınıb və artım 93 faizə çatıb.
Hesabatda qeyd olunur ki, dünyada varlı insanların həyat tərzi də dəyişir. Artan vergilər, siyasi risklər və həyat keyfiyyəti ilə bağlı amillər səbəbindən ultra varlı ailələr artıq bir neçə ölkədə yaşamağa və sərmayələrini fərqli regionlara yönəltməyə üstünlük verirlər.
Qlobal miqyasda isə ABŞ 387 mindən çox ultra varlı ilə lider mövqeyini qoruyur. Hindistan isə sürətlə yüksələn yeni iqtisadi güc kimi beynəlxalq sərvət xəritəsində daha çox diqqət çəkməyə başlayıb.