Вернуться назад Распечатать

Senat Trampın hücum səlahiyyətlərini məhdudlaşdıran qanunu qəbul etdi

ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyat səlahiyyətlərini məhdudlaşdıran “müharibə səlahiyyətləri” qanun layihəsini təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, səsvermə nəticələrinə əsasən, 50 senator qanunun lehinə, 47 senator isə əleyhinə səs verib.

Beləliklə, qanun layihəsi Senatdan keçərək növbəti mərhələyə yönləndirilib.

Qanun layihəsi Prezidentin İrana qarşı hərbi güc tətbiq etməsini Konqresin təsdiqinə tabe etməyi nəzərdə tutur. Bu addım ABŞ Konqresinin icra hakimiyyətinin müharibə səlahiyyətlərini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilir.

Səsvermədə Respublikaçı senatorlar Rand Pol, Syuzan Kollins, Liza Murkovski və bu dəfə Bill Kassidi qanunu dəstəkləyib. Demokratlardan isə Con Fetterman layihəyə qarşı çıxan yeganə senator kimi qeydə alınıb.

Qanunun Nümayəndələr Palatasında da səsverməyə çıxarılması gözlənilir. Lakin Respublikaçıların çoxluqda olduğu palatada nəticənin necə olacağı hələ də qeyri-müəyyəndir.

Qeyd edək ki, ABŞ qanunvericiliyində 1973-cü il “Müharibə Səlahiyyətləri Qanunu” prezidentin hərbi əməliyyatlar barədə Konqresi məlumatlandırmasını və təsdiq mexanizmini nəzərdə tutur.