Вернуться назад Распечатать

ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarır

Yaxın vaxtlarda Amerika Birləşmiş Ştatları respublikanın iqtisadi dirçəlişini asanlaşdırmaq məqsədilə Suriyanın terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarılması barədə qərarı təsdiq edə bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən "Al-Monitor" portalı məlumat yayıb.

Portalın məlumatına görə, terrora dəstək verən ölkə statusu ilə əlaqədar tətbiq edilən sanksiyalar Suriyanın beynəlxalq ticarətə tam şəkildə qayıtması üçün sonuncu böyük əngəl olaraq qalır. Hazırda bu status xarici şirkətlərin Suriyaya sərmayə yatırmasını və bəzi mal kateqoriyalarının tədarükünü ciddi şəkildə məhdudlaşdırır. Qeyd edək ki, Suriyaya qarşı sanksiyaların böyük bir qismi respublika prezidenti Əhməd əş-Şəraanın 2025-ci ilin may ayında ABŞ lideri Donald Trampla görüşündən sonra ləğv edilmişdi.

Dövlət Departamenti altı ay ərzində Suriya dövləti ilə bağlı maliyyə axınlarının hərtərəfli yoxlanışını həyata keçirib. Artıq bu təftiş başa çatıb və qurum daxilində Suriyanın bu siyahıdan çıxarılması məsələsində yekdillik mövcuddur. Məsələ ilə bağlı son qərarı ABŞ dövlət katibi Marko Rubio verəcək.

"Başqa heç bir maneə yoxdur. Rubio öz imzasını atmalı olan sonuncu şəxsdir", - deyə portalın həmsöhbətlərindən biri vurğulayıb.