Вернуться назад Распечатать

KİV: ABŞ yaxın günlərdə İrana hücuma hazırlaşır

ABŞ Administrasiyası, xüsusən də Pentaqon və kəşfiyyat orqanlarının nümayəndələri qarşıdakı üç gün ərzində İrana qarşı hərbi əməliyyatların bərpa olunmasına hazırlıq görürlər.

Liderxeber.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bəzi ABŞ hərbi və kəşfiyyat rəsmiləri mümkün hücumları gözlədikləri üçün Xatirə Gününə təsadüf edən üçgünlük həftəsonu planlarını təxirə salıblar. CBS qeyd edir ki, İranın ehtimal edilən cavab tədbirləri ilə bağlı narahatlıqlar fonunda regionda Amerikanın hərbi iştirakını azaltmaq məqsədilə Yaxın Şərqdəki bəzi bölmələr əməliyyat zonasından çıxarılır.

Bununla əlaqədar olaraq, Pentaqon və kəşfiyyat idarələri xaricdəki ABŞ obyektlərindəki şəxsi heyət siyahılarını yeniləməyə başlayıblar.

Telekanal vurğulayır ki, dünən axşam saatlarına qədər ehtimal olunan yeni zərbələrlə bağlı yekun qərar verilməyib. Bundan əvvəl "Axios" portalı isə mənbələrinə istinadən ABŞ Prezidenti Donald Trampın danışıqların gedişatından narazı qalaraq İrana yeni zərbələr endirilməsi fikrinə meyilləndiyini bildirmişdi.

Portalın məlumatına görə, dünən səhər saatlarında dövlət başçısı vitse-prezident Cey Di Vens, Pentaqon rəhbəri Pit Heqset və administrasiyanın bir sıra üzvləri ilə görüş keçirib. Müşavirə zamanı prezidentə danışıqların mövcud vəziyyəti və onların nəticəsiz qalacağı təqdirdə fərqli ssenarilər barədə məruzə edilib.

Qeyd olunub ki, son günlər Tramp danışıqların gedişindən getdikcə daha çox məyus olur.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.