Вернуться назад Распечатать

Avropada rekord temperatur qeydə alındı

Avropanın bir çox ölkəsində may ayı üçün rekord temperatur göstəriciləri qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, isti hava dalğasının ayın sonuna qədər davam edəcəyi bildirilir.

Böyük Britaniyada temperatur rekord həddə yüksəlib. Paytaxt Londonda havanın temperaturu 30 dərəcəni keçib.

Böyük Britaniya Meteorologiya İdarəsi bəzi bölgələrdə temperaturun 35 dərəcəyə çata biləcəyini və bunun ölkə tarixində qeydə alınan ən isti may günlərindən biri ola biləcəyini açıqlayıb. Güclü istilər səbəbindən bəzi tədbirlər ləğv olunub, eyni zamanda, bir sıra bölgələrdə su təchizatı problemləri yaranıb.

Fransa Meteorologiya Xidməti ölkənin bir çox şəhərində may ayı üçün rekord istilərin müşahidə edildiyini açıqlayıb. Paytaxt Parisdə temperaturun yaxın günlərdə 30 dərəcədən yuxarı qalacağı gözlənilir.

Belçika və Lüksemburqda da yüksək temperatur və ultrabənövşəyi şüalanma ilə bağlı xəbərdarlıqlar edilib. Meteoroloqlar insanlara uzun müddət açıq havada qalmamağı tövsiyə edirlər.

Avstriyanın qərb bölgələrində temperatur ilk dəfə 30 dərəcə həddini aşıb. Paytaxt Vyanada da rekord istilərin gözlənildiyi bildirilir.

İsveçrədə isə həftə ərzində temperaturun 28-32 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır. Sürix, Lüsern və Bazeldə 32 dərəcə istilik gözlənilir.

İspaniyada isə istilərin daha da güclənəcəyi açıqlanıb. Meteoroloqlar bəzi bölgələrdə temperaturun 40 dərəcəyə qədər yüksələcəyini bildirirlər.

Xüsusilə Badaxos şəhərində rekord istilər proqnozlaşdırılır. İspaniya Dövlət Meteorologiya Agentliyi isə ölkənin bəzi bölgələrində qısamüddətli, lakin güclü yağışların da mümkün olduğunu açıqlayıb.