Вернуться назад Распечатать

Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola düşüb

Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.

Liderxeber.az-ın verdiyi xəbərə görə, üç gün əvvəl Məkkədən peyğəmbərin şəhəri sayılan Mədinəyə gəlmiş ilk qrupu daşıyan təyyarə Bakıya istiqamət alıb.

Təyyarənin günorta saatlarında paytaxta çatması gözlənilir.

Əlavə edək ki, daha bir qrupun günorta saatlarında Vətənə yola salınması planlaşdırılır.

Eyni zamanda, sonuncu həcc qruplarının Məkkə ilə vidalaşması başa çatıb və onlar Mədinəyə yola çıxıblar. Mədinədə zəvvarlar peyğəmbərin məscidində və ilk islam məscidi sayılan Quba məscidində namaz qılacaq, peyğəmbərin qəbrini, bir çox böyük səhabənin, peyğəmbərin qohumlarının basdırıldığı Bəqi qəbiristanlığını və Uhud döyüşünün baş tutduğu ərazini ziyarət edəcəklər.

Üç gün Mədinədə qaldıqdan sonra sonuncu qrupun iyunun 9-da Bakıya yola düşməsi planlaşdırılıb.

Qeyd edək ki, Məkkədən Bakıya ilk zəvvar qrupu mayın 31-də qayıdıb.

Xatırladaq ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.