Вернуться назад Распечатать

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər - KİV

“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini tanımayacağını istisna etmir”.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb. 

Qəzet yazır ki, bu vaxta qədər Qərbin bir sıra ölkələrinin liderlərindən fərqli olaraq, rəsmi Kreml Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik etməyib.

“Həmçinin Moskvadan seçkilərdə baş vermiş pozuntularla bağlı müxtəlif qiymətləndirmələr səsləndirilib. Lakin mənbəmizin bildirdiyinə görə, Rusiya hakimiyyəti seçkilərin nəticələrini təbrik etmədən nəzərə ala bilər və bununla da Paşinyanın Rusiyaya qarşı siyasətinə münasibətini ifadə edə bilər”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, bir neçə gündür Ermənistan mediasında Vladimir Putinin Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə hələ təbrik etməməsi müzakirə edilir. Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiyanın Ermənistandakı seçkilərin rəsmi nəticələri açıqlandıqdan sonra N.Paşinyana qələbə münasibətilə təbrik göndərəcəyini bəyan edib. Ermənistan Mərkəzi Seçki Komissiyası isə seçkilərin yekun nəticəsini iyunun 14-də açıqlayacaq.

İyunun 12-də isə Nikol Paşinyan Rusiya Günü münasibətilə Vladimir Putinə təbrik məktubu ünvanlamışdı.