Avropa Komissiyası Avropa İttifaqına (Aİ) namizəd ölkələrə tam üzvlükdən əvvəl iqtisadi üstünlüklər təqdim etməyi nəzərdə tutan yeni plan üzərində işləyir.
Liderxeber.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, təşəbbüs namizəd ölkələrin mərhələli inteqrasiyası strategiyasının bir hissəsidir. Bu yanaşmaya əsasən, ölkələr üzvlük prosesi davam etdiyi müddətdə həyata keçirdikləri islahatların səviyyəsinə uyğun olaraq Aİ-nin müxtəlif imkanlarından mərhələli şəkildə yararlana biləcəklər.
Müzakirə olunan üstünlüklər arasında Aİ-nin bəzi maliyyə proqramlarına çıxış, güzəştli ticarət imkanları və tam üzvlükdən əvvəl vahid bazara qismən giriş yer alır.
Yeni yanaşmanın məqsədi tam üzvlük prosesi uzun çəksə belə, namizəd ölkələri islahatları davam etdirməyə həvəsləndirmək və onları Aİ-yə inteqrasiya yolunda saxlamaqdır.
Bildirilib ki, Avropa Komissiyası təşəbbüsün Aİ-yə üzv dövlətlər tərəfindən də dəstəklənməsinə çalışır.
Gözləntilərə görə, məsələ bu ilin oktyabr və ya dekabr ayında keçiriləcək Avropa Şurasının iclasında müzakirə oluna bilər.