Cənubi Koreya hökuməti 14 yaşı tamam olmamış uşaqların sosial media platformalarından istifadəsini məhdudlaşdırmaq haqqında müzakirələr aparır.
Liderxeber.az-ın məlumatına görə, bu barədə Koreya Respublikası Kütləvi İnformasiya Vasitələri və Rabitə Komissiyasının sədri Kim Con Çxol bildirib.
"Biz 14 yaşa qədər uşaqların sosial şəbəkələrdə hesab yaratmaq imkanını məhdudlaşdırmaq, həmçinin 14-19 yaşlı yeniyetmələr tərəfindən bu cür platformalardan həddindən artıq istifadəni təşviq edən alqoritmlərin təsirini məhdudlaşdırmaq planını nəzərdən keçiririk", - deyə komissiya sədri bildirib.
Kim Con Çxol vurğulayıb ki, hazırda ölkə parlamentində azyaşlıların sosial mediadan istifadə qaydalarını tənzimləyən yeddi qanun layihəsi irəli sürülüb.
Bununla belə, komissiya sədri bu cür qərarların qəbulunda diqqətli olmağın vacibliyini bildirərək, yeniyetmələrin gecə saatlarında onlayn oyunlar oynamasına qoyulan əvvəlki qadağanı xatırladıb. Qeyd edək ki, 2011-ci ildə Cənubi Koreyada 16 yaşdan kiçik olan şəxslərin gecə saat 00:00-dan səhər 06:00-a qədər onlayn oyunlara girişini qadağan edən qanun qüvvəyə minmişdi. "Yonhap"ın məlumatına görə, oyun sənayesinə vurduğu zərər və vətəndaşların "əsas hüquqlarının pozulması" səbəbindən həmin qanun 2022-ci ilin yanvar ayında ləğv edilib.