Çində yaşayan 31 yaşlı qadın ekstremal aclıqdan sonra ciddi nevroloji pozuntularla üzləşib. Qadın 15 gün ərzində yalnız su qəbul edib və təxminən 20 kq arıqlayıb. Bundan sonra onda yerimə və yaddaş problemləri yaranıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Boyu 160 sm olan qadının çəkisi pəhrizə başlamazdan əvvəl təxminən 70 kq olub. O, tarixən mənəvi təmizlənmə və uzunömürlülüklə əlaqələndirilən, uzun müddət qidadan imtina etməyi nəzərdə tutan ənənəvi daoist "biqu" praktikasına əməl etmək qərarına gəlib.
Təxminən iki həftə davam edən tam aclıqdan sonra pasiyent kəskin şəkildə arıqlayıb, lakin bunun ardınca ciddi sağlamlıq problemləri yaranıb. Çjençjou xəstəxanasının həkimləri ona Vernike ensefalopatiyası diaqnozu qoyublar. Bu, əsasən B1 vitamini (tiamin) çatışmazlığı ilə əlaqəli beyin zədələnməsidir.
Vernike ensefalopatiyası zamanı şüur bulanıqlığı, koordinasiya və tarazlıq pozuntuları, göz hərəkətlərində problemlər və yaddaş pozuntuları yarana bilər. Nevroloq Sun Quyfanın sözlərinə görə, belə zədələnmədən sonra bəzi nevroloji pozuntular qalıcı, hətta daimi ola bilər.