Вернуться назад Распечатать

Nepalda daşqınların yuyub apardığı pulla dolu bank seyfləri axtarılır

Nepal polisi daşqınlar nəticəsində itkin düşən yüzlərlə insanın axtarışı ilə yanaşı, ən azı 20 bankdan suyun yuyub apardığı nağd pulla dolu seyfləri də axtarır.

Liderxeber.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb.

Məlumata əsasən, həmin seyflərin bəzilərində külli miqdarda nağd pul və digər qiymətli əşyalar mövcuddur.

Yerli polis əməkdaşı Abi Narayan Kafle bildirib ki, daşqından sonrakı ağır vəziyyətdə hüquq-mühafizə orqanlarının əsas vəzifəsi itkin düşənləri tapmaqdır, lakin bununla belə, fəlakət zonalarında asayişi və qanunçuluğu təmin etmək də vacibdir.

"Bir sıra ərazilərdə banklara ciddi ziyan dəyib. İçərisində nağd pul və qızıl kimi qiymətli əşyaların olduğu bir çox seyflər ya sel suları tərəfindən aparılıb, ya da qalın lil qatının altında qalıb. Hazırda əməkdaşlarımız bu saxlanc yerlərini tapmaq və onların təhlükəsizliyini təmin etmək üçün bütün qüvvələrini səfərbər ediblər. Bəzi hallarda vətəndaşların suyun gətirdiyi seyfləri sındıraraq oradakı pulları oğurlaması faktları da qeydə alınıb", - deyə o vurğulayıb.

Qeyd edək ki, təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgəsində baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində mindən çox insan həyatını itirib, azı 4 500 nəfər itkin düşmüş hesab olunur.