Вернуться назад Распечатать

Estoniyada yeni prezident seçildi

Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib.

Liderxeber.az xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanmaq yetərli sayılırdı.

O, parlamentdə təmsil olunan altı partiyadan dördünün əvvəlcədən əldə etdiyi razılaşma nəticəsində alternativsiz şəkildə bu posta layiq görülüb.

Madize bu vəzifədə beşillik səlahiyyət müddəti cari ilin oktyabr ayında bitən Alar Karisi əvəzləyəcək. Keçmiş prezident hələ iyun ayında yenidən namizəd olmayacağını bəyan etmişdi.

Madize 1974-cü ildə Estoniyada dünyaya gəlib. O, Tartu Universitetinin hüquq fakültəsinin məzunudur. Həmçinin Tartu və Tallin Texniki universitetlərində konstitusiya hüququ üzrə mühazirələr oxuyub. 2015-ci ildən etibarən ədliyyə kansleri vəzifəsini icra edib. O, hər hansı bir partiyaya mənsub olmayan, müstəqil siyasi xadim kimi tanınır.

Qeyd edək ki, Estoniyada prezident beş il müddətinə seçilir və ardıcıl olaraq iki dəfədən artıq bu vəzifəni tuta bilməz. Ölkə konstitusiyasına əsasən, Estoniya parlament respublikası olduğundan dövlət başçısının səlahiyyətləri əsasən rəsmi və nümayəndəlik funksiyaları ilə məhdudlaşdırılır.