Вернуться назад Распечатать

Gürcüstan İran ilə hava əlaqəsini kəsdi

Gürcüstan İran ilə hava əlaqəsini dayandırıb. 

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. 

Buna səbəb ABŞ-nin İran aviaşirkətlərinə, o cümlədən Gürcüstana reyslər həyata keçirən aviaşirkətlərə qarşı sanksiyalar tətbiq etməsi olub.

“Gürcüstan bu və ya digər ölkəyə qarşı sanksiya rejimlərini həmişə nəzərə alır. Biz İrana münasibətdə də müvafiq qərar qəbul etdik və İqtisadiyyat Nazirliyi bu barədə bəyanat yaydı”, - Kobaxidze deyib.

Bununla belə, o, ölkəsinin İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmədiyini diqqətə çatdırıb: “Biz müəyyən edilmiş beynəlxalq sanksiya rejiminə uyğun hərəkət edirik”.

Onun sözlərinə görə, Rusiyaya münasibətdə də belə yanaşma olub, Gürcüstan bu ölkəyə qarşı ikitərəfli sanksiyalar tətbiq etməyib: “Bu bizim ümumi siyasətimizdir, biz qonşu ölkələrə qarşı ikitərəfli sanksiyalar tətbiq etmirik, lakin beynəlxalq sanksiya rejimlərini nəzərə alırıq”. 

Qeyd edək ki, ABŞ-nin Maliyyə Nazirliyi 8 sentyabrdan etibarən İranın 27 aviaşirkətinə qarşı sanksiyalar tətbiq edib. Daha əvvəl İranın “Qeshm Air”, “Varesh Airlines”, “Sepehran Airlines” və “Fly Kish Airlines” aviaşirkətləri Batumiyə və Tbilisiyə reyslər həyata keçirirdi.