Вернуться назад Распечатать

İflic xəstələr “danışa” və “hərəkət edə” biləcək

ABŞ-də iflic xəstələrin nitq və bədən hərəkətlərini eyni vaxtda ötürərək ünsiyyət qurmasına imkan verən yeni beyin-kompüter interfeysi sistemi hazırlanıb.

Liderxeber.az xəbər verir ki, ABŞ Milli Səhiyyə İnstitutu (NIH) institut tərəfindən maliyyələşdirilən və Kaliforniya Universitetində iflic xəstələr üzərində aparılan tədqiqatın nəticələrini açıqlayıb.

Tədqiqat çərçivəsində alimlər maşın öyrənməsinə əsaslanan beyin-kompüter interfeysindən istifadə etməklə üç iflic xəstənin beyin siqnallarını rəqəmsal mühitdə virtual personajın hərəkətlərinə çevirməyə nail olublar.

Sistem xəstələrin nitq və bədən hərəkətləri ilə bağlı beyin siqnallarını xüsusi kabellər vasitəsilə eyni vaxtda rəqəmsal mühitə ötürür. Bunun nəticəsində virtual personaj istifadəçinin həm danışığını, həm də bədən hərəkətlərini əks etdirə bilir.

Yeni texnologiyanın xüsusilə amiotrofik lateral skleroz (ALS) xəstələrinin daha sürətli ünsiyyət qurmasına imkan verə biləcəyi bildirilir.

Əvvəllər hazırlanmış beyin-kompüter interfeysləri nitq və ya bədən hərəkətlərindən birini ayrıca ötürə bilirdi. Yeni sistemin isə hər iki funksiyanı eyni vaxtda həyata keçirən ilk belə texnologiya olduğu qeyd olunur.

NIH açıqlamasında tədqiqatçıların sistemin simsiz versiyası üzərində də işlədikləri bildirilib.

NIH direktoru Debara Tuççi tədqiqatın nəticələrini ümidverici adlandıraraq, bunun gələcəkdə ağır iflici olan insanların daha təbii və hərtərəfli ünsiyyət imkanlarını bərpa etməsinə ümid verdiyini bildirib.