ABŞ-nin Sahil Mühafizəsi Nantucket sahillərində içərisində altı nəfərin olduğu itkin düşmüş tibbi təyyarənin axtarış əməliyyatını təxminən 66 saatlıq cəhddən sonra dayandırıb.
Bu barədə Liderxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, oktyabrın 3-də saat 2 radələrində (Bakı vaxtı ilə 10:00-da) Bermud adalarından Bostona istiqamət alan "Gulfstream G100" təyyarəsi ilə əlaqə kəsilib. Hava gəmisinin göyərtəsində dörd Kanada və iki Bermud adaları vətəndaşı olub.
Məlumata görə, əməliyyat müddətində Sahil Mühafizəsi və axtarışlarda iştirak edən digər xidmətlər tərəfindən 4 445 kvadratmil (təqribən 11 500 kv. km) ərazi yoxlanılıb. Axtarış prosesinə Nyu-York Milli Qvardiyasının və Sahil Mühafizəsinin təyyarələri, helikopterləri, həmçinin gəmiləri cəlb edilib.
Bildirilir ki, baş vermiş hadisənin səbəblərinin araşdırılması aidiyyəti orqanlar tərəfindən həyata keçiriləcək.