Вернуться назад Распечатать

Qara dənizdə iki gəmiyə dron hücumu olub: 8 Azərbaycan vətəndaşı xilas edilib

Azərbaycan Xarici İşlər Nazirliyi Qara dənizdə dron hücumuna məruz qalan iki gəmidəki Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirib.

Liderxeber.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə medianın suallarına cavabında məlumat verib.

Onun sözlərinə görə, 13 oktyabr tarixində gecə saat 1:30-da Bolqarıstan Respublikasının Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında "CHELSEA-3" adlı yük gəmisi dron hücumuna məruz qalıb:

"Aldığımız məlumata əsasən, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 vətəndaşımızın hamısı xilas edilib, onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır. Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür".

Nazirlik rəsmisi Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırdıqlarını ifadə edib.

10:19

Bolqarıstan Baş naziri Rumen Radev Qara dənizdə gəmilərə yeni PUA hücumlarının olduğunu bildirib.

Bu barədə Liderxeber.az Bolqarıstanın "Bta.bg" nəşrinə istinadən məlumat verir.

Rumen Radev hücumları "tamamilə qəbuledilməz" adlandırıb.

Məlumata görə, bununla bağlı Bolqarıstan Nazirlər Şurasının Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Radevin sözlərinə görə, Byaladan 18 dəniz mili şərqdə yerləşən gəmi üç PUA (dron) tərəfindən vurulub. Gəmidə həmçinin Azərbaycan vətəndaşları da olub:

"Təcili reaksiya qüvvələrimiz dərhal səfərbər edildi. Sərhəd polisi ekipajı gəmidə olan hər kəsi xilas etdi: yeddi Ukrayna vətəndaşı və səkkiz Azərbaycan vətəndaşı".