Вернуться назад Распечатать

Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...

ABŞ Prezidenti Donald Tramp aylar əvvəl “Nvidia” şirkətinin baş direktoru Jensen Huanqın Çin kəşfiyyat agenti olmaqda şübhəli bilinən qadınla münasibəti barədə məlumatlandırılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “The New York Times" qəzeti adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Dövlət katibi Rubio may ayında Çinə rəsmi səfər zamanı “Air Force One” təyyarəsində Trampa bu barədə məlumat verib. Rubio Huanqın Çin casusu olduğu güman edilən keçmiş “Megaspeed” rəhbəri Alis Huanq ilə münasibətlərini əks etdirən həssas kəşfiyyat məlumatlarını prezidentə təqdim edib.

Məlumata görə, Tramp eşitdiklərindən xüsusilə narahat olmayıb və Huanq İlon Mask, Tim Kuk kimi texnologiya liderləri ilə birlikdə Pekində rəsmi görüşlərdə iştirak edib.

Tramp bazar ertəsi keçirdiyi mətbuat konfransında isə belə demişdi: “Xeyr, mən o vaxt bu barədə eşitməmişdim. Jensen bunu tamamilə inkar edir, mənə onun casus olduğunu bilmədiyini dedi və mən ona həqiqətən inanıram”.

Pekin rəsmiləri də casusluq iddialarını tamamilə əsassız və Çini nüfuzdan salmaq cəhdi kimi qiymətləndiriblər.

Münasibətlərinin yalnız peşəkar olduğunu iddia edən “Nvidia” rəhbəri Jensen Huanq bazar günü yaydığı yazılı bəyanatda Alis Huanqla romantik əlaqəsini etiraf edərək, həyat yoldaşına xəyanət etdiyinə görə dərin təəssüf hissi keçirdiyini açıqlayıb. Bu etirafdan sonra bazar ertəsi günü 4,2 trilyon dollar dəyərindəki şirkətin səhmləri kəskin ucuzlaşıb və “Nvidia” daxilində müstəqil araşdırmaya başlanılıb.

“Axios” portalının məlumatına görə, qalmaqal ABŞ Nazirlər Kabineti daxilində də fikir ayrılığına səbəb olub. Maliyyə naziri Skott Bessent Ağ Evin Vəziyyət Otağında keçirilən iclasda ticarət naziri Hovard Lutnikdən Amerika çiplərini Çinə qanunsuz ötürməkdə ittiham olunan Sinqapur mərkəzli “Megaspeed” şirkətinin niyə sanksiya siyahısına  salınmadığını soruşub. Mənbələr Rubionun hazırladığı məxfi memorandumla xəbərdar edilən Lutnikin şirkətə qarşı məhdudiyyət tədbirlərini ləngitdiyini iddia edirlər.