Вернуться назад Распечатать

ABŞ-nin amfibiya-desant qruplaşması Yaxın Şərqə doğru irəliləyir

ABŞ ordusuna məxsus və göyərtəsində dəniz piyadaları daşıyan üç iri desant gəmisindən ibarət amfibiya-desant qruplaşması Yaxın Şərq bölgəsinə doğru yola düşüb.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarında qeyd olunub.

Hazırda gəmi qruplaşması Ərəbistan dənizi hövzəsinə gedərkən dayandığı Sinqapur sularında yerləşir.

Qrupun tərkibinə "USS Makin Island" universal aviadaşıyıcı desant gəmisi, həmçinin "USS John P. Murtha" və "USS Anchorage" desant-helikopter dok gəmiləri daxildir. Həmin gəmilərdə 2.5 min hərbçidən ibarət 13-cü dəniz piyadaları ekspedisiya batalyonu, eləcə də şaquli uçuş və eniş qabiliyyətinə malik "F-35B" qırıcılarının iki eskadrilyası, konvertoplanlar, hücum və nəqliyyat helikopterləri, o cümlədən desant katerləri yerləşdirilib.

Bu arada, İranın cənub-şərqində, Ərəbistan dənizi akvatoriyasında "USS George Bush" və "USS Theodore Roosevelt" təyyarədaşıyan gəmiləri döyüş növbətçiliyi çəkir. Onların hər birində 48 qırıcı bazalaşdırılıb. Bu gəmilərlə yanaşı, İran sahillərinin yaxınlığında iki kreyser, doqquz raket esminesi, sahilboyu zona üçün nəzərdə tutulmuş döyüş gəmisi və pilotsuz kəşfiyyat gəmisi mövqe tutub.

Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi Qırmızı dənizdədir. Daha iki esmines isə Aralıq dənizinin şərq hissəsində əməliyyat tapşırıqlarını icra edir.