Вернуться назад Распечатать

“Taliban” qadın adlarını da qadağan etdi - “Keçi”, “inək” deyə çağırırlar

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rejimi Bəlx əyalətində rəsmi sənədlərdə qadın adlarının istifadəsini qadağan edib.

Liderxeber.az xəbər verir ki, Britaniyanın “The Guardian” və Əfqanıstanın “Zan Times” nəşrlərinin araşdırmasına görə, dövlət məmurlarına və xəstəxana işçilərinə qadınların əsl adlarını qeyd etməmək tapşırılıb.

Qadağa hətta həkim reseptlərini və xəstəlik tarixçələrini də əhatə edir. Rəsmi qurumlarda məmurlara qadınlara “bibi” (nənə) kimi müraciət etmək göstərişi verilsə də, bəzi hallarda onlara “keçi” və “inək” kimi alçaldıcı ifadələrlə müraciət edildiyi bildirilir.

Qadın hüquqları müdafiəçiləri bu addımı qadınları ictimai həyatdan tamamilə silmək siyasətinin tərkib hissəsi sayırlar. Əfqan fəal Lalə Osmani qadınlara heyvan adlarının verilməsini “insanlıqdan kənarlaşdırma prosesi” adlandırıb. ABŞ-də fəaliyyət göstərən “Femena” təşkilatının Əfqanıstan proqramının direktoru Zübeydə Əkbər isə qadağanın tezliklə bütün ölkəyə yayıla biləcəyi barədə xəbərdarlıq edib.

2017-ci ildə başladılan “Adım haradadır?” kampaniyası sayəsində 2020-ci ildə anaların adlarının uşaqların doğum haqqında şəhadətnamələrinə yazılmasına icazə verilsə də, “Taliban” hakimiyyətə gəldikdən sonra bu qaydanı ləğv edib. Hazırda boşanan qadınlar rəsmi sənədlərdə adları olmadığı üçün öz övladlarının anası olduqlarını sübut etməkdə ciddi çətinlik çəkirlər.

Məqalədə yer alan faktlardan birində isə əfqan gənc evdə heç vaxt əsl adı çəkilmədiyi üçün anasının adını ömrü boyu bilmədiyini və bunu yalnız qadın vəfat etdikdən sonra öyrəndiyini danışıb.

Qeyd edək ki, 2021-ci ildə hakimiyyəti ələ keçirən “Taliban” indiyədək qızların 12 yaşından sonra təhsil almasını, qadınların əksər peşələrdə çalışmasını və ictimai yerlərdə danışmasını qadağan edən 144-dən çox fərman verib.