Pressa.az » İdman » Azərbaycan klublarının transfer siyasətində kim öndədir?

Azərbaycan klublarının transfer siyasətində kim öndədir?

14 iyul 2025, Bazar ertəsi, 15:29
Azərbaycan klublarının transfer siyasətində kim öndədir?

Azərbaycan klublarının transfer siyasəti son illərdə xeyli fərqlilik göstərir.

Bu sahədə "Qarabağ" uzun müddətdir ölkədə ən sistemli və uğurlu transfer strategiyasına malik klub kimi öndə dayansa da, bu mövsüm arxa plana keçdi. "Neftçi", "Zirə", "Araz-Naxçıvan" və "Sumqayıt" klubları isə hazırda yenidənqurma işləri aparır.

Mövzu ilə bağlı Liderxeber.az-a açıqlama verən idman jurnalisti Emin Şəmsiyev bildirib ki, qarşıda bizi sürprizlərlə dolu futbol ili gözləyir.

"Legioner limitinin ləğvi artıq öz sözünü deyir. Komandalar bütün mümkün variantlarla heyətini əcnəbilərlə "doldurmağ"a davam edir. Obyektiv yanaşsaq, kimdə uğurlu, kimdə uğursuz alınacağını hazırda demək çətin olar. Hər mövsüm olduğu kimi, yenə də zaman göstərəcək. Qarşıda bizi sürprizlərlə dolu futbol ili gözləyir. Proqnozlar vermək olar. "Qarabağ"ın skautinqi barədə çox danışmaq yersizdir. Onların hədəfləri və məqsədə doğru irəliləmələri başqa, Azərbaycanın digər klublarının amalı isə tamam başqadır. Yüksək göstəricilərə nail olmaq niyyəti və bu istiqamətdə keyfiyyətli iş görən klublardan biri kimi "Turan Tovuz"u qeyd edərdim. Komandaya cəlb etdikləri oyunçular həqiqətən yaxşı gələcək vəd edir. Ən azı futbolçuların yaxşı arxivi var.

Çalışmalar yenə də davam edir. "Neftçi"nin yerli oyunçuları da yaddan çıxarmadığını görürük. Gerçəkləşdirilən transferləri də uğurlu hesab edirəm. Bir daha qeyd edim ki, zaman göstərəcək. "Araz Naxçıvan"ı uğurlu transfer edən komandalar sırasına əlavə edərdim. Təəssüf ki, uğurlu start verəcəyini düşündüyümüz klublarln daxilində bəzi problemlər yaşanır. Komandaya yenicə qoşulmuş funksionerlərin ayrılığı kimi neqativ məlumatlar ürəkaçan deyil. Niyə çağırırdız, niyə yolladınız və ya niyə gəldin və niyə gedirsən?".

Mövzu ilə bağlı Liderxeber.az-a açıqlama verən idman jurnalisti Cavid Əliyev isə bildirib ki, transfer dövrünün ən fəal klublarında biri "Araz-Naxçıvan"dır.

"Son çempion "Qarabağ" hələlik iki transfer reallaşdırsa da, bəzi futbolçuların gedişi (Yassin Benzia, Marko Veşoviç) azarkeşləri məyus etdi. Yeni gələn Dani Bolt və Pedro Bikalyonun Ağdam klubunda uğurlu olacağına inanıram. Xüsusilə Boltu qeyd edərdim. Meydandakı döyüşkənliyi və sürəti ilə seçilir. Rəhbərlik avrokuboklara qədər heyəti tam formalaşdırmağa çalışır. Düşünürəm ki, transferlər bununla yekunlaşmaz.

Transfer dövrünün ən fəal klublarında biri "Araz-Naxçıvan"dır. Azərbaycan çempionatına tanış iki sima - Patrik Andrade və Hamidu Keyta da komandaya cəlb edilib. Düşünürəm ki, Naxçıvan təmsilçisi yeni mövsüm üçün yaxşı heyət qurub. Onlar Konfrans Liqasında Yunanıstan "Aris"ini məğlub edə bilərlər.

"Zirə"yə gəlincə, Rəşad Sadıqov son illərdə olduğu kimi, tanıdığı futbolçuları komandaya cəlb edib. Mənim üçün Vinsent Tillin keçidi təəccüblü oldu. Çünki lüksemburqlu futbolçu "Sabah"da uğurlu ola bilmədi. Amma yəqin ki, Rəşad Sadıqov onda hansısa qığılcımı görüb.

"Sabah" klubunun baş məşqçi postuna Valdas Dambrauskası gətirməsi düzgün qərardır. Mənə görə, litvalı mütəxəssis komandada uğur qazana bilər. Ötən gün ilk rəsmi oyununa çıxdı və müsbət notlar aldıq. Sadəcə "Sabah"ın müdafisində müəyyən boşluqlar var. Bu problem öz həllini tapsa, hər şey komanda üçün yaxşı olacaq. Yeni transferlərdən Akim Zedadka yaxşı mübarizə apardı. Stiv Solvet isə müdafiədə etibarsız idi. Lakin bir oyunla da futbolçuya qiymət vermək olmaz".

Digər idman jurnalisti Mirbağırağa Cəfərli Liderxeber.az-a açıqlamasında qeyd edib ki, yeni mövsüm çempionluq mübarizəsində olacağı gözlənilən "Neftçi"nin doğru addımlar atdığını düşünür.

"Transfer dönəmində ən aktiv klubumuz "Araz-Naxçıvan"dır. Bildiyim qədərilə 1-2 transfer də edərək, prosesi bitirəcəklər. "Aris" səddi keçilərsə, növbəti transferləri də edə bilərlər. Yaxşı da transferlər edirlər. Məncə, biz Naxçıvan klubunu nəinki avrokuboklarda, hətta çempionatda da iddialı görə bilərik. Fikrimcə, onlar yeni mövsümdə son ildəkindən daha üstün nəticə göstərə bilərlər. Komanda heyətinin geniş olmamasının problemini son mövsümdə qışdan sonra gördü. Ona görə artıq heyət geniş tutulub.

"Qarabağ" o qədər də aktiv deyil, görünür ki, istədikləri transferləri reallaşdıra bilmirlər. Yeni mövsüm çempionluq mübarizəsində olacağı gözlənilən "Neftçi"nin də doğru addımlar atdığını düşünürəm. Hər halda, uğursuz nəticələr göstərmiş heyət 90 faiz "təmizlənib". Yeni oyunçular da cəlb edilib. Komandadan göndəriləsi oyunçular yenə də var. İlkin baxışda yeni transferlər də pis oyunçulara oxşamır. Amma bunu rəsmi görüşlər göstərəcək. Ümumi götürsək, bütün komandalar transfer məsələlərində aktivlik göstərməyə çalışır. Hər halda, maliyyə məsələləri çox önəmlidir. Klublar da maliyyəyə uyğun davranmağa çalışır".

Liderxeber.az-a açıqlama verən digər idman jurnalisti Elsəvər Məmmədov isə mövzu ilə bağlı bildirib ki, "Neftçi"nin həyata keçirdiyi transferləri müəyyən qədər uğurlu saymaq olar.

"Ən azından həmin futbolçular öz liqalarında komandalarının liderlərindən olublar.

"Qarabağ"ın transferləri heç də ürəkaçan deyil. Çempionlar Liqasında hazırlaşan komanda daha fəal olmalı idi, çatışmazlıqları aradan qaldırmalı, xüsusən Benzia kimi fubolçunun yerini doldurmaq üçün öncədən plan qurmalı idi. Amma görünən odur ki, Azərbycan klubları üçün futbolçu bazarında rəqabət o qədər də asan deyil. "Qarabağ" əgər futbolçu tapıb gətirə bilmirsə, hansısa futbolçuya pul verib onu transfer edə bilmirsə, digərlərindən danışmaq çətindir.

"Sabah"ın da elə ciddi transferi hələ ki, yoxdur. Bəlkə mövsümün startına qədər nə isə edəcəklər, amma hazırda gələn futbolçular yüksək səviyyədə deyillər.

Digər klublarımızdan danışmağa dəyməz. "Zirə" yerli bazarda klubundan ayrılan kim varsa, tutub gətirir komandaya. Konfrans Liqasında uğurlu olmaq istəyən komanda Vinsen Tilli heyətə qatırsa, başqa nə deyək?

Digər klublar isə onsuz da transfer edəcəklər. Həmin transferlər də ya tutar, ya tutmaz. Zatən elə güclü nə isə gözləməyə də dəyməz".