DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq
2026-cı il futbol üzrə Dünya Çempionatının final oyunu tarixə düşəcək. İlk dəfə olaraq DÇ-nin final matçında fasilə şousu təşkil olunacaq və səhnədə dünyaşöhrətli ulduzlar çıxış edəcəklər.
Liderxeber.az xəbər verir ki, iyulun 19-da Nyu-Cersi ştatının “MetLife” stadionunda keçiriləcək final qarşılaşmasının 11 dəqiqəlik fasilə proqramında Castin Biber, Madonna, Şakira və BTS qrupunun üzvləri iştirak edəcəklər.
Şounun bədii rəhbərliyini isə “Coldplay” qrupunun solisti Kris Martin həyata keçirəcək.
FIFA və “Global Citizen” təşkilatının açıqlamasına görə, şouda həmçinin afrobeats ulduzu Burna Boy, venesuelalı dirijor Qustavo Dudamel və Nyu-Yorkun Staten-Aylend bölgəsindən olan PS22 məktəb xor kollektivi də çıxış edəcək.
Kanadalı müğənni Castin Biber DÇ-nin insanları bir araya gətirdiyini vurğulayaraq, belə bir layihənin bir hissəsi olmaqdan məmnunluq duyduğunu bildirib.
Fasilə şousu FIFA-nın Qlobal Vətəndaş Təhsil Fondunu dəstəkləmək məqsədi daşıyır. Təşkilat uşaqların keyfiyyətli təhsilə və idmana çıxış imkanlarını artırmaq üçün 100 milyon dollar toplamağı planlaşdırır. Bu məqsədlə turnir ərzində satılan hər biletin dəyərindən fonda 1 dollar köçürüləcək.
“Global Citizen” təşkilatının həmtəsisçisi Hyu Evans bildirib ki, bu tədbir “Live Aid”dən sonra sənətçilərin ortaq məqsəd naminə ən böyük birləşməsi olacaq və televiziya tarixinin ən çox izlənilən musiqi çıxışlarından birinə çevrilə bilər.
Qeyd edək ki, 2026-cı il DÇ-nin final oyunu iyulun 19-da ABŞ-də keçiriləcək.
