İspaniyanın "Real Madrid" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandaları futbol üzrə klublararası dünya çempionatının pley-off mərhələsinin son iştirakçıları olublar.
Qrup mərhələsinin son turunda "Real Madrid" Avstriyanın "Zalsburq" komandasını 3:0 hesabı ilə darmadağın edib, "Əl-Hilal" isə Meksikanın "Paçuka" klubunu 2:0 hesabı ilə məğlub edib. 1/8 final mərhələsində İspaniya nəhəngi İtaliyanın "Yuventus" klubu ilə qarşılaşacaq, "Əl-Hilal" isə İngiltərənin "Mançester Siti" komandası ilə üz-üzə gələcək.
1/8 finalın digər cütləri aşağıdakı kimi olacaq:
PSJ (Fransa) - "İnter Mayami" (ABŞ);
"Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya);
"Bavariya" (Almaniya) - "Flamenqo" (Braziliya);
"Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya);
"İnter" (İtaliya) - "Fluminense" (Braziliya);
"Monterrey" (Meksika) - "Borussiya Dortmund" (Almaniya).
1/8 final mərhələsinin oyunları 28 iyun - 2 iyul tarixlərində keçiriləcək. İlk olaraq "Palmeyras" və "Botafoqo" komandaları qarşılaşacaqlar. Bu matçın qalibi "Çelsi" - "Benfika" cütünün qalibi ilə növbəti mərhələdə üz-üzə gələcək.
Qeyd edək ki, bu il ABŞ-dı keçirilən klublararası dünya çempionatı tarixdə ilk dəfə olaraq 32 komandanın iştirakı ilə təşkil olunub. Komandalar 8 qrupa bölünüb və hər qrupdan ən yaxşı iki komanda pley-off mərhələsinə vəsiqə qazanıb. Turnirin final qarşılaşması 13 iyul tarixində baş tutacaq.
Bu yeni format FIFA-nın klublar arasında rəqabəti daha da genişləndirmək və dünya futbolunun coğrafiyasını böyütmək strategiyasının bir hissəsidir. Turnirdə Avropa nəhəngləri ilə yanaşı, Cənubi Amerika, Asiya və Şimali Amerikanın aparıcı klubları da mübarizə aparırlar.