Türkiyə milli futbol komandasının Kosovonu 1:0 hesabı ilə məğlub edərək 24 ildən sonra Dünya Kubokuna vəsiqə qazandığı tarixi qarşılaşmadan sonra kapitan Hakan Çalhanoğlu diqqətçəkən açıqlamalar verib.
Liderxeber.az xəbər verir ki, qələbədən sonra çıxış edən təcrübəli yarımmüdafiəçi milli komandanın keçmiş baş məşqçiləri Fatih Terim və Şenol Günəşə xüsusi müraciət edib.
Kapitan matçdan əvvəl də 2002-ci ildə DÇ-də üçüncü yeri tutan əfsanəvi heyəti yad etdiyini və onların bu uğurun bir parçası olmasını istədiyini vurğulayıb.
Onun sözlərinə görə, bu çağırış yalnız keçmiş futbolçulara deyil, həm də milli komandanın tarixində mühüm rolu olan məşqçilərə ünvanlanıb.
“Sadəcə hisslərimi bölüşmək istədim. Təkcə oyunçular deyil, məşqçilərimiz də – Fatih Terim və Şenol Günəş. Onların gəlib bizi dəstəkləməsini istəyirəm. Onların təcrübəsi bizim üçün çox vacibdir. Ümid edirəm ki, aramızda olacaqlar”, - Çalhanoğlu qeyd edib.
O, çıxışından sonra DÇ vəsiqəni simvolizə edən biletlə mətbuat qarşısına çıxaraq bu tarixi anı əbədiləşdirib.
