Boks üzrə keçmiş dünya çempionu Roy Cons Bakıya səfər edəcək.
Liderxeber.az xəbər verir ki, boksun əfsanəsi iyulun 10-da Bakıda keçiriləcək IBA Çempionlar Gecəsində xüsusi qonaq qismində iştirak edəcək.
Məşhur boksçu gecədə Azərbaycanın dünya çempionu Sübhan Məmmədovu rinqə müşayiət edəcək.
Qeyd edək ki, IBA Çempionlar Gecəsi iyulun 10-da saat 19:00-da "Sea Breeze Resort"da baş tutacaq.
Xatırladaq ki, Roy Cons 1988-ci ildə Olimpiya Oyunlarının gümüş mükafatçısı, yarımağır çəki kateqoriyasında mütləq dünya çempionu, müxtəlif çəki kateqoriyalarında IBF versiyası, WBC versiyası, WBA versiyası, WBU versiyası və WBF versiyası üzrə dünya çempionu olub. Ümumilikdə, dörd çəki kateqoriyasında dünya çempionluğu titulu uğrunda 22 boksçunu məğlub edib. Amerika Boks Jurnalistləri Assosiasiyası və "The Ring" jurnalı Consu 1990-cı illərdə "Onilliyin boksçusu" adlandırıb. Mütləq çempion titulu uğrunda döyüşlərdə ən çox qələbə sayına görə rekordçudur, həmçinin yarımağır çəkidə birləşdirilmiş titulun ən uzun müdafiə seriyasının sahibidir. Boks tarixində orta çəkidə dünya çempionu olub, sonra ikinci orta, yarımağır və ağır çəkilərdə titullar qazanmağı bacaran ilk boksçudur.