Gürcüstanın Poti şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqata komandamız üçün uğurlu nəticələrlə yadda qalıb.
Liderxeber.az xəbər verir ki, kayak yarışlarında İvan Vorobjanski 200, 500 və 1000 metr məsafələrdə birnəfərlik qayıqda üç qızıl medal qazanıb.
Qiyas Əhmədov və Tengiz Qaqnidze200 və 500 metr məsafələrdə iki nəfərlik kayak qayığında bütün rəqiblərini qabaqlayıb. Qiyas Əhmədov 200 metr məsafədə birnəfərlik yarışda gümüş, Tengiz Qaqnidze isə 500 metr məsafədə gümüş medala sahib olub.
Elmir Tərverdiyev və Mustafa Vəlizadə həm 500, həm də 1000 metr məsafədə iki nəfərlik kayakda qızıl medala layiq görülüb.
Kanoedə Fəxri Sadıqlı və Vaqif Mustafazadə 200 və 500 metr məsafədə iki nəfərlik qayıqda iki gümüş medal əldə edib. Fəxri Sadıqlı 200 metr məsafədə birnəfərlik kanoedə ikinci, Vaqif Mustafazadə isə üçüncü olub. Vaqif Mustafazadə 1000 metr məsafədə də finişi üçüncü sırada keçib.
Akademik avarçəkmə yarışlarında isə Azərbaycan idmançıları bütün çıxışlarını qələbə ilə başa vurublar. Sabit Abdullayev (2008–2009), Məhəmməd Həsənov (2010–2011) birnəfərlik qayıqda 1500 metr məsafədə qızıl medal qazanıblar. İsabala Dadaşzadə və İsmayıl Şirinov tandemi isə iki nəfərlik qayıqda 1500 metr məsafədə birinci yeri tutub. Estafet yarışında isə Fəxri Sadıqlı, Rüstəm Əsgərov və Vaqif Mustafazadə bürünc medala layiq görülüblər.
Yekun nəticədə 10 qızıl, 5 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan komandamız turniri ikinci pillədə tamamlayıb.
Bundan əlavə akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamızın üzvü, hazırda Litvada təlim-məşq toplanışında olan Azər İlyasov da bu ölkənin Şaulyay şəhərində təşkil olunan Açıq Litva çempionatında gümüş medal qazanıb.
Yerli idmançılarla yanaşı, ABŞ, İsveçrə və İsrail avarçəkənlərinin də mübarizə apardığı yarışda Azər İlyasov 15 idmançının olduğu yarımfinal mərhələsini uğurla dəf edərək həlledici yürüşə vəsiqə qazanıb. Yağışlı və küləkli hava şəraitində baş tutan A finalında isə 2000 metr məsafəni 7 dəqiqə, 52 saniyəyə qət edən təmsilçimiz yalnız yerli idmançıdan geri qalmaqla gümüş medala layiq görülüb.





