Rusiyanın paytaxtı Moskvada yunan-Roma güləşi üzrə X Beynəlxalq “Qələbə” turniri keçirilib.
Liderxeber.az xəbər verir ki, oktyabrın 17–18-də İrina Viner adına Gimnastika Sarayında təşkil olunan yarışda Rusiya və digər ölkələrdən 1200-ə yaxın yeniyetmə güləşçi iştirak edib. Turnirə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba və Türkiyədən idmançılar qatılıblar.
Beş yaş qrupunu əhatə edən yarışda 35 dəst medal uğrunda mübarizə aparılıb. İştirakçılar 5–16 yaş aralığında müxtəlif çəki dərəcələrində qüvvələrini sınayıblar.
Azərbaycan güləşçiləri turnirdə uğurlu nəticələr əldə ediblər. Ölkəmizin idmançıları 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
Azərbaycan idmançıları komanda hesabında ikinci yeri tutub.
Beynəlxalq turnirdə hakim kimi fəaliyyət göstərən ölkəmizi təmsil edən Hüseyn Hüseynov yarışların idarə olunmasında iştirak edib.
Yarışın fəxri qonaqları arasında yunan-Roma güləşi üzrə beşqat olimpiya çempionu Mixain Lopes də olub. O, qalib və mükafatçıların təltif edilməsində iştirak edib.
“Qələbə” beynəlxalq turniri gənc güləşçilərin təcrübə qazanması, beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi və yunan-Roma güləşinin inkişafı baxımından əhəmiyyətli tədbirlərdən biri hesab olunur.