Pressa.az » İqtisadiyyat » Qeyri-sabit hava şəraitinin kənd təsərrüfatı sahəsinə hansı təsirləri var? Ekspert açıqlaması

Qeyri-sabit hava şəraitinin kənd təsərrüfatı sahəsinə hansı təsirləri var? Ekspert açıqlaması

29 aprel 2025, Çərşənbə axşamı, 13:48
Qeyri-sabit hava şəraitinin kənd təsərrüfatı sahəsinə hansı təsirləri var? Ekspert açıqlaması

Məlum olduğu kimi, ölkəmizdə fasiləli şəkildə yağışlı hava şəraiti müşahidə edilir. Regionların bir qisminə dolu yağıb, hətta sel gəlib. Qeyri-sabit hava şəraiti kənd təsərrüfatı sahəsinə də təsirsiz ötüşmür. Bəs bu təsirlər hansılardır? 

Mövzuyla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası” şöbəsinin müdiri, biologiya elmləri doktoru Tofiq Allahverdiyev Liderxeber.az-a açıqlamasında bildirib ki, iqlim amilləri (işıq, istilik, havanın tərkibi və hərəkəti, rütubət, o cümlədən müxtəlif formalı yağıntılar, torpağın, havanın nəmliyi) mədəni bitkilərin böyüməsi və məhsuldarlığına əhəmiyyətli dərəcədə təsir göstərir. 

"İqlim dəyişkənliyi-bütövlükdə Yerin, yaxud onun ayrı-ayrı reqionlarının zaman keçdikcə hava parametrlərinin çoxillik iqlim kəmiyyətlərindən statistik etibarlı kənarlaşmalarında ifadə olunan dəyişkənlikdir. İqlim dəyişmələri əsasən istixana qazlarının: flüor tərkibli qazlar (HFC, PFC, SF6), CO2, N2O, CH4 miqdarının xətti artımı ilə izah olunur ki, bu qazlar düşən yağıntıların miqdarında dəyişilmələrə, temperaturun artmasına, su və torpaq resursları üçün neqativ nəticələrə, su basqınları və quraqlığa səbəb olur".

Müsahib qeyd edib ki, son 170 ildə Yer səthinin temperaturu təxminən 1,5oC artmışdır. Dünya okeanının orta səviyyəsi 1900-cü ildən etibarən 21 sm artmışdır:

"BMT-nin məlumatına görə, təbii fəlakətlər daha tez-tez baş verir və getdikcə daha çox ziyan vurur. Məsələn, 2020-ci ildə dünyada 30 xüsusilə şiddətli qasırğa qeydə alınıb ki, bu da 19 milyard dollar itkiyə səbəb olub. Nəticədə kənd təsərrüfatına dəymiş ümumi zərər 18% təşkil edib". 

Tofiq Allahverdiyev vurğulayıb ki, Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır, belə ki, son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,4-1,30C-yə qədər artmışdır. 

Onun sözlərinə görə, kənd təsərrüfatı hava və iqlimə çox həssasdır, həmçinin iqlimin təsir göstərdiyi torpaq, su və digər təbii resurslardan əhəmiyyətli dərəcədə asılıdır. 

"Temperatur, yağıntılar və şaxtasız günlərdə dəyişikliklər vegetasiya müddətinin uzanmasına səbəb ola bilər. Bəzi fermerlər uzun vegetasiya müddətinə malik bitkilər becərə yaxud növbəli əkin həyata keçirə bilər, digərlərinə daha uzun və isti vegetasiya müddətində daha çox suvarma tələb oluna bilər. Buğda bitkisi üçün reproduktiv fazada optimal temperatur 15-20oC təşkil edir. Bəzi tədqiqatlara görə dənin yetişməsi mərhələsində temperaturun 20oC-dən yüksək keçməsi məhsuldarlığın 6-21% azalmasına səbəb olur. Lakin dünyanın buğda becərilən regionlarında yüksək gündüz temperaturlarının (>34oC) tezliyinin artması gözlənilir. Bu problemlərə baxmayaraq, kənd təsərrüfatı məhsul istehsalçıları (fermerlər, özəl şirkətlər) dəyişən iqlim şəraitinə adaptasiya edirlər və məhsul istehsal etməyə davam edirlər". 

Şöbə müdiri iqlim dəyişikliklərinə adaptasiyanın bəzi praktiki üsullarını da açıqlayıb:

• Becərilən kənd təsərrüfatı bitkilərinin diversifikasiyası (şaxələndirilməsi) uyğunlaşmanın effektiv üsuludur. Bu, dəyişkən hava şəraitinə tab gətirə bilən və beləliklə, ekstremal hava hadisələri nəticəsində məhsul itkisi riskini azaldan müxtəlif bitkilərin kompleks şəkildə yetişdirilməsini nəzərdə tutur.

• Torpağın sağlamlığının yaxşılaşdırılması təbiətin şıltaqlığına uyğunlaşmağın başqa bir yoludur. Sağlam torpaq nəmi daha yaxşı saxlayır və quraqlıq zamanı məhsul itkisi riskini azaldır. Torpağa üzvi maddələrin əlavə edilməsi suyu udmaq və saxlamaq qabiliyyətini yaxşılaşdırır.

• Suvarma sistemləri quraqlıq zamanı etibarlı su mənbəyini təmin edir. Məsələn, damcı suvarma üsulundan istifadə buxarlanma nəticəsində su itkisini azaldır.

• Əkin sahələrinin kənarlarında ağacların əkilməsi sel və qasırğa kimi ekstremal hava hadisələrinin təsirini azaltmağa kömək edir.

• Davamlı əkinçilik təcrübələrinin qəbulu istehsalçılara dəyişən hava şəraitinə uyğunlaşmağa və onların ətraf mühitə təsirini azaltmağa kömək edir. Məsələn, əkin dövriyyəsi və qoruyucu şumlama torpağın sağlamlığını yaxşılaşdırır və kimyəvi maddələrin istifadəsini əhəmiyyətli dərəcədə azaldır.

• Digər təsirli üsul iqlimə davamlı bitkilərin əkilməsidir. Xüsusi yaradılmiş davamlı sortlar, quraqlıq və istilik stresi kimi ekstremal hava şəraitinə tab gətirə bilər, məhsul itkisi riskini azaldır. Tezsünbülləyən (aprelin II-III ongünlüyü) buğda sortlarının becərilməsi quraqlıqdan qaçmağa, məhsul istehsalını saxlamağa imkan verir.

• Hava monitorinq sistemlərinə investisiyalar ekstremal hava hadisələri barədə erkən xəbərdarlıq edir. Bu, erkən məhsul yığımı kimi məhsulları qorumaq üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir.