Pressa.az » İqtisadiyyat » "Azturk Holdinq" Çində Süni İntellekt və İnnovasiya Mərkəzi açdı

"Azturk Holdinq" Çində Süni İntellekt və İnnovasiya Mərkəzi açdı

10 dekabr 2025, Çərşənbə, 12:23
"Azturk Holdinq" Çində Süni İntellekt və İnnovasiya Mərkəzi açdı

"Azturk Holdinq" Çinin Fucian əyalətində yeni Süni İntellekt və İnnovasiya Araşdırma Mərkəzinin açıldığını rəsmən elan edib.

Liderxeber.az xəbər verir ki, bu addım holdinqin Çinlə texnologiya və innovasiya istiqamətində əməkdaşlığını dərinləşdirən mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Açılış çərçivəsində şirkət rəhbərliyi, idarə heyətinin sədri Güləli Bağırovun başçılıq etdiyi nümayəndə heyəti bölgənin iki aparıcı texnologiya mərkəzinə səfər edib.

Heyətin ilk dayanacağı Fuçjou Proqram Təminatı Parkı olub. Parkın rəhbərliyi qonaqlara infrastruktur, dəstək proqramları və kadr potensialı barədə məlumat verib. "Azturk Holdinq"in yeni AI mərkəzi ilə park arasında birgə layihələr və kadr hazırlığı imkanları müzakirə edilib.

Daha sonra nümayəndə heyəti Fuçjou Dəniz İqtisadiyyatı Elm və Texnologiya İnnovasiya Mərkəzində olub. Burada mərkəzin rəhbəri Jenq Fan qonaqlara dəniz robototexnikası, okeanoqrafik data analizi və davamlı dəniz resurslarının idarə edilməsi üzrə prioritet istiqamətləri təqdim edib. Şirkətin süni intellekt potensialının bu sahələrdə tətbiqi üçün tərəflər əməkdaşlıq imkanlarını dəyərləndirib.

Səfər proqramında mədəniyyət mübadiləsi də yer alıb. Tanınmış xəttat Cen Quanqçin Güləli Bağırova “Əməkdaşlıq və Uyğun İnkişaf” mənasını verən xüsusi kalliqrafiya əsəri təqdim edib. Hədiyyə tərəflər arasında mədəni körpü kimi qiymətləndirilib.

Səfərin yekununda "Azturk Holdinq"in sədri Güləli Bağırov bildirib:

“Fuçjodakı innovasiya ekosistemi bizi çox təsirləndirdi. Buradakı AI mərkəzimiz Çin, Azərbaycan və region arasında birgə innovasiya üçün körpü rolunu oynayacaq”.