Pressa.az » İqtisadiyyat » Azərbaycan son illər bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir

Azərbaycan son illər bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir

12 yanvar 2026, Bazar ertəsi, 11:58
Azərbaycan son illər bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir

Baxmayaraq ki, bu gün Azərbaycan özü enerjiyə olan tələbatını tam şəkildə ödəyir və istehsal etdiyi enerjinin bir hissəsini xaricə satır, ölkəmiz yenə də təbii imkanlarından maksimum yararlanaraq daha sərfəli yollarla elektrik enerjisi istehsal etməkdə maraqlıdır.

Bu mənada ölkəmiz son illər bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir. Məlumdur ki, bu gün enerji istehsalında təbii ehtiyatlarımızdan istifadə edilir. Lakin qarşıya qoyulmuş məqsədlərə baxdıqda görürük ki, Azərbaycan dövləti bu məsələdə daha irəliyə baxaraq ölkənin dayanıqlı enerji ilə təmin edilməsində daha çox bərpaolunan ehtiyatlardan istifadədə maraqlıdır. Bu, həm də ekoloji cəhətdən çox faydalıdır.

Belə ki, bərpaolunan ehtiyatlardan istifadə nəticəsində təbiətə heç bir ziyan vurulmayacaq, atmosferə zərərli tullantılar atılmayacaqdır. Bu günlərdə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilmiş və ölkəmiz üçün ilk olan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi ölkəmizin həyatında mühüm hadisədir. 

Gülüstan sarayında baş tutmuş açılış mərasimini geniş nitq ilə açan Ölkə başçısı cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən tikilimiş stansiyanın öz seqmentində Azərbaycanda ən böyük elektrik stansiyası olduğunu vurğuladı. 

Bir məsələni də qeyd edək ki, adı çəkilən şirkət bərpaolunan enerji istehsalında böyük təcrübəyə malikdir. Belə ki, dünyaca məşhur olan “ACWA Power” şirkəti artıq dünyanın bir neçə ölkəsində bu tipli stansiyaların tikintisini həyata keçirib. Şirkətin reallaşdırdığı layihələr öz effektivliyi ilə tanınır. Bir faktı da qeyd edək ki, Stansiyanın tikintisi məqsədilə Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir.

Cənab Prezidentin fikri ilə desək bu fakt bir daha onu göstərir ki, çox gözəl investisiya mühitinə malik Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, sülhpərvər və inteqrasiya etməkdə maraqlı dövlət kimi tanınır və qəbul edilir.

Səidə Rzayeva
Neftçala rayonu