Pressa.az » İqtisadiyyat » Bu bankın lisenziyası ləğv edildi

Bu bankın lisenziyası ləğv edildi

31 iyul 2026, Cümə, 17:57
Bu bankın lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Bank BTB" ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış "T-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Liderxeber.az bu barədə AMB-yə istinadən xəbər verir.

Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank "BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilmişdir. Yenidən təşkil prosesi çərçivəsində, Bank "BTB" ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilmiş, bankın kreditorlarının məlumatlandırılması təmin edilmişdir. Bu çərçivədə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə Bank "BTB" ASC arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank "BTB" ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanmışdır.

Qeyd edək ki, Bank "BTB" ASC-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülmüş, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılmışdır.

Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanmışdır. Bank "BTB" ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülmüş, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunmuşdur.

Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Bank "BTB" ASC-nin lisenziyasının ləğv edilərək "T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə çevrilməsi prosesi uğurla tamamlanmışdır.

"T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC öz fəaliyyətini Bakı şəhəri, Nigar Rəfibəyli ev 9 ünvanında həyata keçirəcəkdir.