Pressa.az » İqtisadiyyat » Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirildi - Fotolar

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirildi - Fotolar

28 sentyabr 2026, Bazar ertəsi, 16:08
Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirildi - Fotolar

Bu gün Göygöl rayonunda Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Nümayəndə heyətlərinin iştirak etdiyi iclasda üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov beynəlxalq ticarətin sürətli, asan və təhlükəsiz şəkildə həyata keçirilməsində gömrük orqanlarının əhəmiyyətli rol oynadığını bildirib. Qeyd olunub ki, xüsusilə Orta Dəhliz boyu yükdaşımaların həcminin artması fonunda beynəlxalq tranzitin davamlılığının təmin edilməsi baxımından üç ölkənin gömrük orqanları arasında əməkdaşlıq daha da gücləndirilməli, elektron məlumat mübadiləsi, rəqəmsallaşma daha da genişləndirilməlidir.

Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvili iclasın gömrük orqanları arasında məlumat və təcrübə mübadiləsinin, tranzit imkanlarının genişləndirilməsi istiqamətində  səmərəli müzakirələrin aparılmasına töhfə verəcəyini vurğulayıb.

Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak Orta Dəhliz boyu yükdaşımaların həcminin artmasının region ölkələri üçün əlavə iqtisadi imkanlar yaratdığını bildirib və bundan faydalanmaq üçün prosedurlarının sadələşdirilməsinin, sərhədkeçmə proseslərinin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

İclas çərçivəsində əvvəlki görüşlər zamanı əldə edilmiş razılaşmaların icra vəziyyəti qiymətləndirilib, qarşılıqlı əməkdaşlığın nəticələri təhlil olunaraq növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük sahəsində formalaşmış səmərəli əməkdaşlıq regionda ticarət və nəqliyyat əlaqələrinin inkişafına, tranzit imkanlarının genişləndirilməsinə və sərhədkeçmə prosedurlarının daha da təkmilləşdirilməsinə mühüm töhfə verir.

Görüşdə Orta Dəhliz boyunca gömrük prosedurlarının optimallaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi və gömrük xidmətləri arasında praktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas prioritetlər sırasında qeyd olunub.

Üç ölkənin gömrük orqanları arasında koordinasiyanın gücləndirilməsinin regional nəqliyyat və logistika imkanlarının daha səmərəli reallaşdırılmasına xidmət etdiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit əməliyyatlarının asanlaşdırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və sərhədkeçmə proseslərinin səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Üçtərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi tranzit gömrük prosedurlarının uzlaşdırılması, ilkin elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi, risklərin idarə edilməsi mexanizmlərinin inkişaf etdirilməsi və gömrük nəzarətinin səmərəliliyinin artırılması, həmçinin gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu istiqamətlər üzrə gömrük xidmətlərinin əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsinin yükdaşımaların daha çevik təşkili, sərhədlərdən keçid proseslərinin sürətləndirilməsi və beynəlxalq ticarət zəncirinin fasiləsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb və görüşün protokolu imzalanıb.